Bu gün 2012-ci ilin 1 noyabr tarixində fəaliyyətə başlayan, Azərbaycan mətbuatında özünəməxsus operativliyi və çevikliyi ilə seçilən “Moderator.az” saytının 11 yaşı tamam olur. Azərbaycanda və azərbaycanlıların yaşadığı bütün ölkələrdə kifayət qədər tanınan və böyük nüfuza malik Moderator az. saytı 12 yaşına qurucusu, saytın həm fəhləliyini, həm rəhbərliyini edən (ifadə dəyərli professorumuz Q.Məhərrəmliyə aiddir) Zülfüqar Hüseynzadəsiz qədəm qoyur.
Təbii ki, Zülfüqarın vaxtsız itkisinin yerini heç nə doldura bilməz. Zülfüqar Hüseynzadə mətbuatımız üçün iti qələmə, dərin zəkaya malik, gülərüz, cəsarətli bir jurnalist, kollektiv üçün qayğıkeş və tələbkar rəhbər, doğmaları üçün isə əvəzsiz bir arxa, dayaq və həm də cavan yaşından müdrik bir ağsaqqal idi. Qəlbi hər zaman doğulub boya-başa çatdığı, amma məcburi köçkünlük səbəbindən dağlarından, bulaqlarından, gül-çiçəyindən doymadığı Başlıbel kəndi ilə döyünən Zülfüqar, ömrünü də Başlıbelə bağışladı, onu qucaqlayıb, əbədi gözlərini yumdu… Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Amma realıq odur ki, itkilərimizi anmaqla yanaşı, təskinlik üçün də səbəblər tapmalıyıq… Düşünürəm ki, bu gün Moderator.az saytının, Zülfüqarın rəhbərliyi dövründə olduğu kimi çevik, zəngin və oxunaqlı bir sayt kimi fəaliyyətini davam etdirməsi, həm də Zülfüqarın ruhunu şad edir. Bu, “Moderator.az” komandasının qarşısında Zülfüqarın qoyduğu daimi tapşırıq və komandanın Zülfüqarın ruhu qarşısında bir insanlıq borcudur.
BU BORCUNU LƏYAQƏTLƏ YERİNƏ YETİRƏN, gecəsini-gündüzünü Zülfüqarın ikinci övladım dediyi saytın inkişafına həsr edən “MODERATOR.az” KOMANDASI, YENİ YAŞINIZ MÜBARƏK! HÜSEYN ZÜLFÜQAROĞLU başda olmaqla, sizlərə can sağlığı, mətbuatımızın inkişafı, aşkarlığın və şəffaflığın təmin olunması yolunda yeni-yeni uğurlar arzu edirəm. Müxtəlif dövrlərdə, Moderator.az-da çalışan insanların bu gün də saytla əməkdaşlıq edib, onun fəaliyyətinə dəstək verməsi, moderatorçuların yanında olması kimi prinsipiallıq və işgüzarlıq ənənəsi isə xüsusi vurğulanmalıdır. Həm də bu səbəbə görə, “MODERATOR.az” KOMANDASI ƏN YÜKSƏK TƏBRİK VƏ ALQIŞA LAYİQDİR.
Hörmətlə
Aqil Əsədov, iqtisad elmləri doktoru
www.102info.az
