Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının daim qayğısına qalır və onların himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi

Azərbaycan Polisi
Spread the love

Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının daim qayğısına qalır və onların himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi.

1991-ci ildə əldə etdiyimiz müstəqilliyimizin ilk illərində Azərbaycanda hökm sürən hakimiyyətsizlik, hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuş, bütün bunlar ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarmış, kriminal ünsürlər baş qaldırmış, adi vətəndaşlardan tutmuş yüksək rütbəli dövlət xadimlərinə, dövlətçiliyə qarşı törədilən cinayətlərin sayı artmış, dövlət idarə və müəssisələrində dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə pozuntuları geniş vüsət almışdı.
Ölkəni siyasi böhrandan çıxarmaq üçün qədirbilən xalqımız özünün xilaskarı olan dünya şöhrətli siyasətçi Heydər Əliyevə üz tutdu və xalqın tələbi ilə möhtərəm Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycan məhz onun sayəsində öz müstəqilliyini qoruyub saxladı və bütün sahələrdə özünün sürətli inkişaf yoluna qədəm qoydu.
“Müdrik rəhbərin ikinci dəfə hakimiyyətə gəlişi ilə onun həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə olan vəziyyət tamamilə dəyişdi. 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda aparılan islahatlar birinci növbədə respublikamızda daxili ictimai-siyasi vəziyyətin sabitləşməsinə yönəldilmişdir. Bütün bu işlərdə hüquq mühafizə orqanlarının hamısı, ələlxüsus da Azərbaycan Polisi fəal iştirak etmişdir”. Bu sözləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi mövzusunda danışmağı xahiş etdiyimiz Quba Rayon Polis Şöbəsinin rəisi cənab Mehman Əliyev demişdir:
– Ulu öndər 1994-cü il aprelin 29-da nazirliyin rəhbər heyətinin iştirakı ilə keçirilən müşavirədə müəyyənləşdirilmiş vəzifələr məhz Heydər Əliyevin şəxsi nəzarəti altında icra olunaraq reallığa çevrildi. Ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman isə bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla 28.10.1999-cu il tarixdə “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar, 30.06.2001-ci il tarixdə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” və 18.07.2001-ci il tarixdə “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamələr qəbul edildi. Ümummilli lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalandı. Nazirlik sistemində islahatlar aparılaraq yeni qurumlar yaradıldı. Məhz Heydər Əliyevin rəhbərliyi altında hüquq-mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başladılar. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü. Ölkənin müqəddəratının həll olunduğu bir vaxtda belə Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi. Onun xüsusi qayğısı sayəsində, 1993-cü illə müqayisədə 2003-cü ildə nazirliyin büdcəsi 6 dəfə artmış, bu dəyişikliyin əsas qayəsini əməkdaşların sosial sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması, yeni informasiya texnologiyalarının tətbiqi və sair təşkil edirdi. Bundan başqa, Daxili İşlər Nazirliyinin 300-dən çox əməkdaşı və hərbi qulluqçusu ölkənin yüksək dövlət mükafatları ilə təltif edilmiş, o cümlədən “Milli Qəhrəman” adına, orden və medallara layiq görülmüşdü. Bütün bunlar yalnız Heydər Əliyevin polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəçilik bacarığı sayəsində mümkün olmuşdur. Daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbər edən ulu öndərimiz nəticədə istəyinə çatdı: daxildən saflaşan, təmizlənən daxili işlər orqanları və Daxili Qoşunlar Prezidentin inamını doğrultdu və ölkədə həyata keçirilən uğurlu islahatların təhlükəsizliyinin təminatçılarından biri oldu. Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev 2002-ci ildə polisin peşə bayramında şəxsən iştirak edərək xidməti fəaliyyətlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, nöqsanları göstərib tövsiyələrini verdi, vəzifələri müəyyənləşdirdi və nitqini bu sözlərlə bitirdi: “Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”.
Qeyd etməyi vacib bilirik ki, vətəndaş və polis arasındakı səmimi münasibətin qurulmasına əhəmiyyətli dərəcədə diqqət yetirən cənab Mehman Əliyev rayonda işlədiyi dönəmdə cinayətkarlıqla mübarizədə qətiyyətli addımlar atıb. Şərəfli xidmət yolu keçən RPŞ-nin şəxsi heyəti Mehman Əliyevin rəhbərliyi altında rayonda ictimai-siyasi sabitliyin qorunması və hüquqpozmalara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi üçün mühüm işlər görüb, polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirib. Rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilib. Eləcə də rayonda kriminal hadisələrin sayı azalıb, əxlaqsızlıq yuvaları və qumarxanaların fəaliyyətinə son qoyulub.
Quba rayonunda dələduzluğun qarşısının alınması və gənclərin narkotik maddələrdən cəkindirilməsi, həmcinin rayon gənclərin yüksək təlim tərbiyyədə formalaşmasında polis böyük səylə əmək sərf edib. Rayon polis şöbəsində zabitlərdən tutmuş, polis nəfərlərinə kimi nizam – intizamın qorunmasında, vətəndaş və polis arasındakı səmimi münasibətin qurulmasına əhəmiyyətli dərəcədə diqqət yetirilib. Polisin bu kimi fəaliyyəti sakinlər tərəfindən razılıqla qarşılanıb.
Cənab Mehman Əliyev daxili işlər orqanlarında bütün xidmət dövründə icraatındakı işlər üzrə təqsirsizlik prezumpsiyası və digər prinsiplərə daim riayət olunmasını təmin edib, ədalətli məhkəmə baxışına mənfi təsir göstərən, əvvəlcədən ictimai rəyin formalaşdırılmasına yönəlmiş hərəkətlərə yol verməyib. O, ümumi və hüquqi biliklərini, nəzəri və peşəkarlıq səviyyəsini artırmaq üçün daim öz üzərində işləyir, milli qanunvericilikdəki və beynəlxalq hüquqdakı yenilikləri yaxından izləyir. Həmçinin kütləvi informasiya vasitələrinin onun işlədiyi polis orqanının fəaliyyətini işıqlandırmaq istəyinə rəğbətlə yanaşır, jurnalistlərin dürüst və obyektiv məlumat almaq hüququna qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada kömək göstərir.
Onu da qeyd edək ki, Quba RPŞ, şəxsən cənab rəis Mehman Əliyev qubalı gənclərin polis peşəsinə yönəldilməsi müstəvisində əhəmiyyətli işlər görürlər. Hər il olduğu kimi, bu ilin də fevral ayında Quba rayon Heydər Əliyev Mərkəzində polis əməkdaşları, müəllimlər və XI sinif şagirdlərinin iştirakı ilə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib. Ənənəvi olaraq tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra iştirakçılara Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən tanıtım videoçarxı təqdim olunub. Tədbirdə Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verib, ölkəmizin qocaman təhsil müəssisəsinin savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran polis rəisi orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər barədə danışıb.
Qələmə aldı: Tural Kəlbəcərli 102info.az və 102ci qəzetin baş redaktoru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir