BİNƏQƏDİ POLİSİ 2023-CÜ İLİN I RÜBÜNÜ XİDMƏTİ FƏALİYYƏTDƏ NAİLİYYƏTLƏRLƏ BAŞA VURUB – SAYCA 5-Cİ, QİYMƏTİ DƏ “5” OLAN POLİS BÖLMƏSİ

Azərbaycan Polisi
Spread the love

 

Möhkəm təməllərə söykənən ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2023-cü ilin I rübündə məqsədyönlü şəkildə davam etdirilib.

Ümumi cinayətlərin açılması 81,9 faiz təşkil edib və 80,3 faizi böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub. Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 9.448 cinayətin 83,5 faizi, o cümlədən keçmiş illərdən bağlı qalmış 95 cinayət açılıb. Qəsdən adam öldürmələr, qəsdən sağlamlığa ağır zərər vurmalar, mənzillərdən edilən oğurluqlar, mal-qara oğurluqları, quldurluqlar, soyğunçuluqlar, xuliqanlıqlar, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən və odlu silahın tətbiqi ilə baş verən hüquqazidd əməllər 2022-ci ilin 3 ayı ilə müqayisədə azalıb. Ağır və xüsusilə ağır cinayətlərin, şəxsiyyət əleyhinə olanların, onlardan qəsdən adam öldürmə və ona cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, habelə quldurluqların açılması yaxşılaşıb. İstintaq prosesində görülmüş tədbirlərlə cinayətlərdən zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın 78,5 faizi ödətdirilib.

Bu barədə aprelin 14-ü Daxili İşlər Nazirliyində (DİN) keçirilmiş, mülkiyyət əleyhinə cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılmasının, prosessual araşdırmalar zamanı qanunçuluğa və uçot-qeydiyyat intizamına riayət edilməsinin, ailə münaqişəsi zəminində törədilən cinayətlərin profilaktikası sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş Kollegiya iclasında məlumat verilib. Həmçinin qeyd olunub ki, yerli və dövlətlərarası axtarışda olan 1.572 təqsirləndirilən şəxs tutulub, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlərlə 170 cinayətkar qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 418 kiloqram, yəni ötən ilin analoji dövrü ilə müqayisədə 354 kiloqram çox narkotik vasitə çıxarılıb. Müxtəlif kriminal əməllər törətmiş 4 min nəfər məhkəmə məsuliyyətinə verilib. Ölkədə keçirilmiş 183 respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə, habelə işğaldan azad edilmiş ərazilərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti hüquq qaydasının təmini vəzifələrini tam yerinə yetirib. Kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə 1.258 vətəndaşın qəbulu həyata keçirilərək qaldırılan məsələlərin əksəriyyəti yerində həll edilib, 23.042 vətəndaş müraciəti hərtərəfli və obyektiv araşdırılıb, təşəbbüskarlar hüquqları izah edilməklə yazılı məlumatlandırılıb. Nazirliyin “102” Xidmətinə və qaynar xətlərinə daxil olan, eləcə də sosial şəbəkələrdə yayımlanan hər bir şikayətə çevik reaksiya verilib, insanların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib.

Nazir müavinləri və bir sıra ərazi polis orqanlarının çıxış və məruzələrindən sonra kollegiya iclasına yekun vuran nazir, general-polkovnik V.Eyvazov qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların cari ilin birinci rübündə bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunmuş müsbət nəticələrin inkişaf etdirildiyini, şəxsi heyətin xidməti vəzifələrin icrasını böyük əzmlə həyata keçirdiyini, xüsusən respublikada və onun paytaxtı Bakı şəhərində ağır və xüsusilə ağır cinayətlərin açılmasında yüksək peşəkarlıq, qətiyyət və operativlik göstərmiş Nazirliyin və ərazi polis qurumlarının 136 əməkdaşının mükafatlandırıldığını diqqətə çatdırıb. Eyni zamanda, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin və vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyini nəzərə çatdıraraq bu istiqamətlərdə fəaliyyətin səmərəliliyinin artırılması, ümumi işə mənfi təsiri olan halların qarşısının alınması ilə bağlı vəzifələri müəyyən edib, eləcə də tapşırıq və tövsiyələrini verib.

Azərbaycan polisi və bu böyük qüvvənin tərkib hissəsi olan Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti də 2023-cü ilin birinci rübünü böyük uğurlarla – peşəkarlığın artırılması, intellektual səviyyənin yüksəldilməsi, cinayətkarlığa qarşı mübarizənin kəskinləşdirilməsi, dövlətçiliyin əsas dayaqlarının qorunması, sivil cəmiyyət üçün xarakterik olan insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində əldə edilmiş nailiyyətlərlə başça vurub. Respublikamızın paytaxtı Bakının polis orqanlarının qabaqcıl dəstəsindən biri olan Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir.

Polis polkovniki cənab İlqar Məmmədov Binəqədi RPİ-nə bu ilin fevral ayında rəis vəzifəsinə təyin olunub. O, daha əvvəl Xətai RPİ-də rəhbər vəzifədə işlədiyi vaxt dövlətin və xalqın gözündə ucalıb. Şərəfli xidmət yolu keçən Binəqədi RPİ-nin şəxsi heyəti bu gün İlqar Məmmədovun rəhbərliyi altında rayonda hüquqpozmalara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi üçün mühüm işlər görür. Rayonda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Təqdirəlayiq haldır ki, rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilib. Eləcə də rayonda kriminal hadisələrin sayı azalıb, əxlaqsızlıq yuvaları və qumarxanaların fəaliyyətinə son qoyulub.

Binəqədi rayonunda gənclərin narkotik maddələrdən cəkindirilməsində polis böyük səylə əmək sərf edir. İdarə və onun bölmələrində zabitlərdən tutmuş, polis nəfərlərinə kimi nizam – intizamın qorunmasında, vətəndaş və polis arasındakı səmimi münasibətin qurulmasına əhəmiyyətli dərəcədə diqqət yetirilir. Polisin bu kimi fəaliyyəti sakinlər tərəfindən razılıqla qarşılanır.

Binəqədi RPİ-nin bölmələri arasında 5-ci Polis Bölməsi xidməti fəaliyyətdə nailiyyətləri ilə xüsusilə seçilir. Təkcə son bir ayın statistikasına nəzər yetirəndə bunu aydın müşahidə etmək olur.

Belə ki, martın 23-də Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Vaqif Bayramov və Cavid Baxşeyiş müəyyən olunaraq saxlanılıblar.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 26-da Bakı şəhər sakini F.Həsənovun pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Şahverdiyev müəyyən olunaraq saxlanılıb.

Aprelin 1-də saat 20 radələrində Binəqədi rayonu ərazisində bir qadının içərisində pulu olan cüzdanının və qızıl-zinət əşyalarının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Qurbanov müəyyən olunaraq saxlanılıb.

Pakistan İslam Respublikasının vətəndaşları 2003-cü il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək bildiriblər ki, Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri Pakistan İslam Respublikasının vətəndaşları 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, 1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammad onları “H.Əliyev adına Beynəlxalq Hava Limanı”nda qarşılayıb, onları taksi fəaliyyəti göstərmək adı ilə Binəqədi rayonu, Azadlıq prospekti ev 192/30, mənzil 20 ünvanında yerləşən, 1992-ci il təvəllüdlü Ağazadə Ayxan Məzahir oğluna məxsus mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döyüblər. O cümlədən kəsici alətlə hədə-qorxu gələrək üzərlərində olan 1500 ABŞ dollarını və 400 avro pulunu ələ keçiriblər. Bundan başqa azad edilmələri müqabilində onlardan əlavə olaraq 20 min ABŞ dollar pulun verilməsini hədə-qorxu ilə tələb ediblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aprelin 17-də yayılan informasiyada bildirilib ki, əməli törətməkdə şübhəli şəxslər saxlanılaraq istintaqa cəlb olunub.

Aprelin 20-də yayılan məlumata görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində “Toyota” və “Mitsubishi” markalı 3 avtomobildən 7000 manat dəyərində səsboğucularını oğurlamaqda şübhəli bilinən Şuşa şəhər sakini Zaur Mədətzadə saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Əmin olmağa dəyər ki, Binəqədi Rayon Polis İdarəsinin, eləcə də RPİ-nin 5-ci Polis Bölməsinin şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəklər.

Tural Kəlbəcərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir