Milli Məclisin deputatı Jalə Əhmədova: “Azərbaycan-Serbiya əlaqələri dostluq və qarşılıqlı anlaşma üzərində qurulub”

Siyasət
Spread the love

Milli Məclisin deputatı Jalə Əhmədova: “Azərbaycan-Serbiya əlaqələri dostluq və qarşılıqlı anlaşma üzərində qurulub”

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündən sonra mətbuata verdiyi bəyanat bir sıra mühüm məsələləri özündə ehtiva edir.
Məlum olduğu kimi, Serbiya və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlığın böyük tarixi var. Bu iki ölkə strateji tərəfdaşdırlar və buna dair bir neçə sənəd imzalamışlar. Ən əhəmiyyətlisi də odur ki, ölkələrimiz hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməzdir.
Hazırda isə, iki ölkə arasında ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözləyirik. Əldə edilmiş razılaşmaların icrası nəticəsində Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi artacaq.
Bu gün hər iki ölkənin nəqliyyat-logistika sahəsində böyük potensialı var. Çünki Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir. Artıq aidiyyəti qurumlar arasında təmaslar qurulub və bu nəqliyyat dəhlizləri arasında uzlaşma və bağlantının yaradılması üçün müvafiq qurumlar fəal işləməlidirlər.
Azərbaycan və Serbiya arasında energetika sektorunda əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Belə ki, son vaxtlar bu sahənin aktuallığı daha da artıb. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya, qonşu ölkələrə ixrac edilir. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaq.
Əhəmiyyətli məsələlərdən biri də ondan ibarətdir ki, Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanıb. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.
Müdafiə sənayesi sahəsi də iki ölkə arasında perspektiv əməkdaşlıq istiqamətlərindən biridir və bu sahədə də hər iki ölkədə potensial var.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Serbiya əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. Çünki bizim əlaqələrimiz dostluq və qarşılıqlı anlaşma üzərində qurulub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir