Müstəqillik illərində ölkəmizin əlamətdar və tarixi günləri sırasına ümummilli dəyəri ilə ucada dayanan bir gün də əlavə edilmişdir

Siyasət
Spread the love

Müstəqillik illərində ölkəmizin əlamətdar və tarixi günləri sırasına ümummilli dəyəri ilə ucada dayanan bir gün də əlavə edilmişdir. “Millətin milliliyini saxlayan onun dilidir” – deyən ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı fərmana əsasən, hər il avqustun 1-ni xalqımız Azərbaycan dili və Əlifbası Günü kimi böyük təntənə və sayğı ilə qeyd edir.
Azərbaycan xalqının ünsiyyət vasitəsi olan ana dilimiz millimənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Təsadüfi deyil, dahilərimiz ana dilimizi mənəvi Vətən saymış, ulularımız milli varlığımızı yaşatmaq üçün onu torpaqlarımızla eyni dərəcədə sevmiş və qorumuşlar. Dilimiz də eynilə torpaqlarımız kimi ötənlərimizi bugünümüzə qovuşdurmuş, xalqımızı dünyada tanıdan ən başlıca milli əlamət kimi onu gələcəyin astanasına gətirib çıxarmışdır.
Xalqımız öz dilini, dilimiz isə onu yaşadan xalqımızı qorumuş, indiki biçimdə formalaşdırmışdır. Bütün bunları nəzərdə tutan ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqlardan bir neçə minillik tarixi yaşaması lazım gəlir”. Doğrudan da, milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır. Hələ sovet dövründə ana dilimizin qorunması və inkişaf etdirilməsi, Azərbaycan dilinin dövlət dili ststusunun təmin edilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev tarixi işlər gerçəkləşdirmişdi. Məhz ulu öndərin qayğı və diqqəti nəticəsində o dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdi. Bu məsələ konstitusiyada da xüsusi maddə ilə təsbit olunmuşdu. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunması həmin dövr üçün milli əhəmiyyətli hadisə idi.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin öz ana dilinə sevgisi, onun qorunması və zənginləşməsi ilə bağlı gördüyü işlər tariximizdə ciddi bir istisnalıq təşkil edir və hər bir soydaşımız üçün əbədi bir örnəkdir. Böyük rəhbər iftixarla deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra isə Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu. Bundan sonra dövlət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Prezident Heydər Əliyevin 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirildi. Beləliklə, latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Həmin sənəddə deyilirdi: “Millətin milliliyini saxlayan onun dilidir. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Bu gün Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdu. Lakin buna baxmayaraq hər zaman dilimizi qorumalıyıq, Azərbaycan dilinin saflığını təmin etməliyik. Çünki dilin qoruyucusu və daşıyıcısı bütün xalqdır. Buna görə də ana dilinin saflığını qorumaq, onun keşiyində durmaq, ədəbi dilin norma və qanunlarına əməl etmək hər bir kəsin vəzifə borcu olmalıdır.
Ramilə Seyidova – Siyəzən rayon Mərkəzi Kitabxanasının şöbə müdiri

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir