“Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir”.
Bu sözləri Prezident İlham Əliyev 27 may Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.
Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının bu il 104-cü ili tamam olur. 1918-ci ilin may ayının 28-i, müstəqil dövlətimizin hər bir vətəndaşı tərəfindən qürur, şərəf, ləyaqət… günü kimi qəbul edilib! Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış və xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
“Düzdür, bir çox önəmli addımlar atılmışdır və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq. Ancaq, eyni zamanda, onu da bilməliyik ki, müstəqillik cəmi iki il çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, müstəqilliyi qoruya bilmədi və Azərbaycan xalqı azadlıqdan məhrum edildi. Bununla bərabər, hamımız yaxşı bilirik ki, o vaxt Ermənistan millətçiləri xalqımıza və gənc Xalq Cümhuriyyətinə qarşı təcavüzə başlamışdılar və bunun nəticəsində Azərbaycan xalqı böyük əzablar yaşamışdır” deyə Prezident İlham Əliyev öz çıxışında vurğulamışdır.
Bəli Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Bir sözlə, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ulu Öndər Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.
İlham Əliyev daha sonra bildirdi ki “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik.”
Artıq iki ildir ki, 44 gün davam edən tarixi Vətən müharibəsindən Qələbə ilə ayrılan Azərbaycan xalqı 28 May – Respublika Gününü ərazi bütövlüyü bərpa olunmuş formada qarşılayır. Artıq erməni işğalından azad edilən torpaqlarımızda da bu bayram qeyd olunur. Azərbaycan xalqı üçün 28 May-Respublika Gününün ərazi bütövlüyü bərpa olunmuş, torpaqları düşmən işğalından azad edilmiş və Cümhuriyyətin yadigarı olan şanlı bayrağının Şuşada, Ağdamda, Laçında və digər ərazilərimizdə dalğalandığı bir şəraitdə qeyd edilməsi heç bir müqayisəyə gəlməz böyüklükdə sevinc və qürurdur. Bu günü bizə yaşadan Azərbaycanını Qalib Lideri, Prezident, Ali Baş Komandanımıza, Müzəffər Ordumuza və izləri qəlblərimizdən heç zaman silinməyəcək əziz şəhidlərimizə minnətdarıq.
Ramilə Seyidova Siyəzən rayon Mərkəzi Kitabxanasının şöbə müdiri.
