Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindən xarici şirkətlərdən birinə məxsus nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, daxil olmuş məlumat əsasında Xocavənd RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə “Hovo” markalı yük maşınını oğurlamaqda şübhəli bilinən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişov saxlanılıblar.
Həmin şəxslər əvvəlcədən razılaşaraq şirkətin olduğu əraziyə gəliblər və bir müddət sonra nəqliyyat vasitəsini rayon ərazisindən oğurlayaraq Sumqayıt şəhərinə aparıblar. Polis əməkdaşları tərəfindən avtomobilin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Könül Cəfərli
www.102info.az
