Tez-tez kimlərinsə əşyalarını itirdikləri ilə bağlı məlumatlar eşidirik. Pulqabı, telefon, eynək, şəxsiyyət vəsiqəsi, saat, müxtəlif geyimlər və sairəni itirdiyimiz yeri çox zaman xatırlaya bilmədiyimiz üçün bir növ onlardan əlimizi üzürük.
Belə məqamlarda çoxları müraciət edə biləcəkləri bir idarənin olduğunu ya bilmir, ya da bir anlıq unudur. Söhbət Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) tabeçiliyində fəaliyyət göstərən Tapıntılar və Buraxılış Bürosundan gedir.

Sözügedən yer elə Bakı Şəhər Baş Polis İdarəsinin yanında yerləşir. Küçədən, kafe-restoranlardan, kinoteatrlardan tapdığınız əşyaları buraya gətirib təhvil verməklə sahibinin onları daha tez və istifadəyə yararlı halda tapmasına köməklik göstərə bilərsiniz.
İdarədə xidmət aparan əməkdaşlar müraciət üçün gələn vətəndaşları qəbul edir, məlumatları protokol qaydalarına uyğun şəkildə aktlaşdırırlar.
Polis əməkdaşının Oxu.Az-a verdiyi məlumata görə, əşyasını itirən şəxslər yaxınlaşaraq ərizə ilə müraciət edirlər:

“Vətəndaş gəlir, müraciət edir ki, sənədini və ya hər-hansı əşyasını itirib. Biz həmin vətəndaşın yazılı ərizəsini şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə qəbul edirik. Ərizələrə baxılma müddəti 10 gündür. Həmin günlər ərzində təsnifatına uyğun olaraq itən əşya tapıntılar arasında axtarılır. Əgər aşkar olunarsa, sahibi ilə əlaqə saxlayıb, ona təqdim edirik. Yox, əgər tapıntılar arasında aşkarlanmırsa, tərəfimizdən vətəndaşa arayış verilir ki, həmin itən sənədinin yenidən hazırlanması üçün aidiyyəti üzrə quruma müraciət etsin”.

Bəzən yerdə kiməsə aid əşya, telefon, geyim gördükdə insanlar biganə yanaşırlar. Bunun onlara hansısa problem yarada biləcəyindən ehtiyat edirlər. Lakin bu heç də belə deyil.
İdarə əməkdaşı bununla bağlı insanlarda yaranan suallara da aydınlıq gətirib. O deyir ki, itmiş əşyaları tapan şəxslərdən də məlumatlar eyni qaydada qəbul edilir:

“Yazılı ərizədə əşyanı nə zaman, harada tapdığını və əşyanın təsvirini qeyd edir. Şəxsiyyət vəsiqəsinin surətini də təqdim edir və bu, aktlaşdırılır. İtirilmiş əşyalar arasında eynəklər, saatlar, müxtəlif sənədlər, ayaqqabı, çanta, hətta şalvar da var”.

Təəssüf doğuran məqamlar isə əsasən itən əşya pulqabı olarsa baş verir. Üstəlik, bu pulqabı ağzına qədər doludursa. Tez-tez sosial şəbəkələrdə, eləcə də ətrafımızdakı insanların pulqabılarını itirdikləri, tapdıqları zaman isə içindəki məbləğin əskik olduğuna dair məlumatlar oxuyuruq. Səbəbi də ya özümüzün unutqanlığımız, ya da cəmiyyətdə nəfsinə dur deyə bilməyən insanlar olur.

Bir çox hallarda itən pulqabını sahibinə bağışlayan şəxslər “şirinlik” istəyir, ya da elə əşya sahibi özü etika xətrinə həmin şəxslərə jest edərək müəyyən məbləğ ödəyirlər. Təbii ki, bu da qalır tərəflərin öz vicdanına.

Tapıntılar Bürosunun əməkdaşı deyir ki, belə məqamlara ərazi üzrə polis idarələri baxır:
“Biz gətirilən əşyaları qəbul edirik, onların içərisini araşdırmırıq. Qəbul edib, aktlaşdırıb kənara qoyuruq. Bənzər problemlə qarşılaşdıqda vətəndaşları aidiyyəti üzrə polis bölmələrinə yönləndiririk. Qanunla isə 500 manatdan çox məbləğin itməsi dələduzluq və daha başqa maddələrlə məsuliyyət yaradır”.

Elə Büroda olduğumuz müddətdə daha bir sənəd qəbulunun şahidi olduq. Vətəndaş küçədə gedərkən yerdən hərbi bilet tapıb və Büroya təhvil verməyə gətirib. Ruslan adlı vətəndaş deyir ki, bu, vətəndaşlıq borcudur, sabah mən də sənəd itirə bilərəm:

“Düşünürəm ki, bu kimi məqamlarda diqqətli olmaq yaxşıdır. Hər birimiz insanıq. Biz bilə bilmərik, amma itirilən əşyaların sahibləri üçün istər maddi, istərsə də mənəvi əhəmiyyəti ola bilər. Bəlkə də tapdığımız əşyanı buraya təhvil verməklə o insanlara heç vaxt unutmayacaqları köməkliyi etmiş oluruq”.

Sevindirici haldır ki, cəmiyyətdə nümunəvi vətəndaşlar günbəgün çoxalır. Tanımadıqları şəxslərə aid əşyaları tapdıqda məsuliyyətli davranaraq onları Tapıntılar Bürosuna təqdim edirlər.

Bütün hallarda daha yaxşı olar ki, ictimai yerlərdə fikrimiz özümüzdə olsun, əşyalarımızı itirməyək. Qısa və ya uzun zaman sonra əşyalar tapıla da bilir, tapılmaya da. Amma heç itməməsi ən yaxşısıdır.

Xatırladaq ki, Bakı şəhərində Tapıntılar və Buraxılış Bürosu Daxili İşlər Nazirliyinin (DİN) müvafiq əmri ilə 2006-cı ildə BŞBPİ-yə bilavasitə tabe olan struktur hissə kimi yaradılmaqla fəaliyyətini Azərbaycan qanunvericiliyi ilə, DİN və BŞBPİ-nin hüquqi normativ aktlarına əsasən həyata keçirir.
Könül Cəfərli
FOTO: Firudin Səlimov
www.102info.az
