Hökumət ərzaq məhsullarının ixracını niyə məhdudlaşdırır?

İqtisadiyyat

Pərviz Heydərov yazır…

Nazirlər Kabinetinin “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarı gözlənilən idi və bu haqda dolayı yolla anons verilmişdi. 

Söhbət, ən zəruri qida məhsulları üzrə yerli istehsala aid bir sıra malların ölkədən kənara çıxarılması və yaxud satışı sahəsində carı ilin sonunadək nəzarət yaradılacağından gedir. 

Belə ki, həmin məhsullar üzrə ölkədə real vəziyyət, əldə olan ehtiyatlar və əhalinin bu növ mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz göstəricilər əsas götürüləcək. Və yalnız bundan sonra, kənara çıxarılmağa və yaxud satışa icazə veriləcək. 

Adı çəkilən qərar bu sahədə proseduru müəyyən edir.

Əslində, ortada qorxulu heç bir mənzərə və tendensiya yoxdur. 

Yəni, hər şey qaydasındadır. 

Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsiylə əlaqədar qlobal bazarlarda, istehsal və istehlak münasibətlərində bir təlatüm hökm sürür. Bütün ölkələrdə ciddi inflyasiya müşahidə olunur – qiymətlər yüksəlir, bahalaşma genişlənir.

Avropada enerji daşıyıcılarının qiymətlərinin kəllə-çarxa çatması rekord səviyyədə inflyasiya göstəricisi olduğunu meydana çıxarıb. 

Odur ki, müəyyən məhsullar üzrə çatışmazlıq yaranacağı gözləntisi var. Və bunu qarşılamaq üçün və daxili istehlak bazarında disbalansın yaranmaması üçün indidən müəyyən addımlar atmaq tələb olunur.

Hökumətin parlamentdə bu yaxında verdiyi hesabat zamanı da bu məsələlərə toxunuldu. Xatırladım ki, hökumət bundan əvvəl antiinflyasiya tədbirləri haqda qərar da vermişdi. Ardınca müəyyən qrup məhsulların ölkədən kənara daşınmasına nəzarət edilməsi, yəni bu sahədə də müvafiq tənzimləyici siyasət yeridilməsi tam məntiqidir. Və bu haqda qərar yerinə düşür.

Çünki iş adamlarımızın və sahibkarların çıxdıqları xüsusən, yaxın və ənənəvi bazarlarda kəskin qiymət artımları və inflyasiya prosesi mövcuddur ki, bu isə daxili bazarımızın qorunmasını, qayğısına qalmağı tələb edir.

Bəzi iqtisadçılar məsələn, Rusiyada rublun məzənnədən düşməsiylə bu ölkədən bizə ixracın stimullaşdığını qeyd edirlər. Lakin unudurlar ki, adı çəkilən ölkə sanksiya bombardmanı altında olduğundan baş verməkdə olan iqtisadi proseslər içində rublun dəyər itirməsi məsələnin təkcə bir və çox xırda hissəsidir. Bu ölkədə istehsal da getdikcə dalana dirənməyə doğru irəliləyir ki, marketlərdə və bazarlarda piştaxtalar boşalır. Və əslində, bizdən bu ölkəyə ixrac üçün stimul rüşeymləri təşəkkül tapır.

Yeri gəlmişkən, qərara əsasən, ölkəmizin gömrük orqanları ərazisindən dekabrın 31-dək aparılması müvəqqəti olaraq tənzimlənəcək məhsullar sırasına ət və toyuq məhsulları, diri iribuynuzlu mal-qara, diri qoyunlar və keçilər, təzə və ya soyudulmuş iribuynuzlu mal-qara əti, dondurulmuş iribuynuzlu mal-qara əti, təzə, soyudulmuş və ya dondurulmuş qoyun və ya keçi əti və sair adda ümumən 28 mal daxildir.

Təkrar edirəm, bahalaşma keçən ilin əvvəlindən müşahidə edilir və bu, özünü ən çox ərzaq məhsullarında göstərir. 2021-ci ildə 2-4 faiz aralığında nəzərdə tutulsa da, illik inflyasiya 12 faiz təşkil etdi.

Ərzaq məhsullarının bahalaşması 15,8 faiz təşkil etməklə, ümumi inflyasiya həddinin təxminən 3/5 hissəsinə bərabər oldu. 

Eyni tendensiya bu gün də davam edir. Cari ilin yanvar-fevral aylarında inflyasiya göstəricisi 2021-ci ilin eyni aylarına nisbətən 12,2, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,2, qeyri-ərzaq məhsulları üzrə 6, əhaliyə xidmətlər üzrə isə 10,2 faiz artıb.

Lakin, proses hökumətin nəzarəti altındadır və ölkədə inflyasiya əleyhinə konkret tədbirlər planı, baxış sistemi mövcuddur. Hökumətin inflyasiya və daxili bazarın qorunmasına dair qərarları da məhz bunun təzahürüdür.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir