Bu gün Mixail mənim üçün araq içib, ağzının danışığını itirən Rusiya əyyaşıdır…

Dünya
Spread the love

Kubra Məhərrəmova yazır…

“Bakını yer üzündən silmək lazımdır”. Bu açıq-aydın təhdid cümləsini dünən Rusiyanın federal kanalında Rusiya Dumasının Komitə sədrinin müavini Mixail Delyagin deyib. Deyib və arxasında da durub. Daha sonra da əlavə edib ki, Azərbaycan “proksi” ölkədir. 

“Yəni Türkiyənin vassalıdır. Azərbaycan nə ölkə, nə də dövlət kimi mövcud deyil. Bakının neft sənayesi də bizə lazım deyil. Vurun, yerlə-yeksan edin”. 

Əgər bu sima və bu sözlər rəsmi Kremlin yeni ruporudursa, çünki əvvəl bu “şərəfli işi” Jirinovski həyata keçirirdi, onda məsələ aydındır. Ukraynada dizə qədər palçıqda ilişib qalan hərbi ritorika artıq bizə tərəf yönəlib. Yeri gəlmişkən, Jirinovskiyə hələ də rəsmi qaydada ölməyə icazə verilməyib. Palatanın qapısını açsaq Jirinovskinin ölü, açmasaq diri bilirik. Lap Şredingerin pişiyi kimi. Pişiyin isə əli əti çatmayanda deyir ki, iylənib.

Elə bu “proksi” söhbəti də elə bir şeydir. 

Əgər Azərbaycan müstəqil ölkə deyilsə, o zaman niyə fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb? Əgər Azərbaycan öz müstəqil siyasətini yeritmirsə, niyə Putin rəsmi Bakının mövqeyi ilə hesablaşmalı olub? 

Əgər Mixail Delyagin bu qədər axmaqdırsa, onda niyə Federal kanala çıxardılaraq təhdid cümləsini ifadə edir? 

Yoxsa Rusiyada artıq düşünə bilən adam qalmayıb? Yəni həqiqətən də anlamırlar ki, rəsmi səviyyədə cavab bir tərəfə, artıq azərbaycanlıların da nifrətini qazanırlar? 

Bəli, ən sadə, ən adi azərbaycanlı artıq Rusiya adı gələndə qıcıqlanır. Rusiya azərbaycanlı üçün onun Vətəninə qəsd edən, onun müstəqilliyinə təhdid yaradan kimi qəbul olunur. Bu gün Mixail mənim üçün araq içib, ağzının danışığını itirən Rusiya əyyaşdır. Bakıya raket hücumunu tələb edən xəstə və faşistdir! Bu da bəllidir ki, onun fikirlərini dəstəkləyən qüvvələr də var. Bəli, Bakının dinc əhalisinin başına raket yağdırmaqdır arzuları! 

Necə ki, bunu Mariupol, Kiyev, Lvovda həyata keçirirlər. 

Azərbaycan balaca ölkə olsa da, çox qürurlu ölkədir. Biz bunu 44 günlük müharibədə sübut etdik. Biz Tərtərdə, Bərdədə, Gəncədə raketlər altından qaçmadıq. Biz son nəfər adamımıza kimi ölməyi gözə aldıq. Bizim üçün azadlıqdan, müstəqillikdən uca heç nə durmur. Biz 1990-cı ilin 20 yanvarında xalq olaraq küçələrə, Rusiyanın qara tankının qarşısına əli-yalın “AZADLIQ” deyə çıxdıq! Azadlığı dadan xalqın ölkəsi heç vaxt “proksi” ölkə, dövlət olmayacaq. Bunu xəyalınızda belə görə bilməzsiniz Mixail. Sizə isə yaxşı həkim məsləhət görərdim. Türkiyədə təhsil, Almaniyada rezidentura almış, yaxşı ixtisaslaşmış həkimlərimiz var Bakıda. Sizin həkimlər belə görürəm ağır xəstələri müalicə etməyə qadir deyil. Biz azərbaycanlılar hər zaman kimsəsizlərə yardım etmişik. Sizə də edərik.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir