559 nömrəli marşrut avtobusundan çıxan qara tüstü narazılıq yaradıb

Cəmiyyət

Patrul.az redaksiyasına müraciət edən izləyicimiz Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fəaliyyət göstərən 559 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan biri ilə bağlı videogörüntü göndərib.

İzləyicimizin iddiasına görə, avtobusun mühərrik hissəsindən normadan artıq qara tüstünün çıxması həm ətraf mühitə mənfi təsir göstərir, həm də arxadan hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri üçün ciddi narahatlıq yaradır. Göndərilən videogörüntülərdə avtobusun hərəkəti zamanı havaya sıx qara tüstü buraxdığı açıq şəkildə müşahidə olunur.

Belə vəziyyət sürücülərin görünüş məsafəsini məhdudlaşdıra, yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərə və atmosfer havasının çirklənməsinə səbəb ola bilər. Mütəxəssislərin fikrincə, bu cür hallar əksər hallarda nəqliyyat vasitəsinin texniki nasazlığından və ya mühərrikin saz vəziyyətdə olmamasından qaynaqlanır.

Ümid edirik ki, aidiyyəti qurumlar təqdim olunan videogörüntünü araşdıracaq, sözügedən avtobusun texniki vəziyyətini yoxlayacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görəcəklər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Günay Salayeva

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir