AZƏRBAYCAN POLİSİ – DÖVLƏTÇİLİYİN, QANUNÇULUĞUN VƏ SABİTLİYİN KEŞİYİNDƏ – ELVİN HƏMİDOV

Azərbaycan Polisi

2 iyul – Azərbaycan Polisi Günü Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ictimai asayişin və vətəndaş təhlükəsizliyinin təmin olunmasında misilsiz xidmətləri olan polis orqanlarının peşə bayramıdır. Bu tarix hüquq-mühafizə sistemində çalışan on minlərlə əməkdaşın şərəfli, məsuliyyətli və fədakar xidmət yoluna verilən yüksək dəyərin ifadəsidir.
Azərbaycan polisinin yaranma tarixi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf etsə də, bu qurumun əsl inkişaf mərhələsi müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkədə hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılmış, daxili işlər orqanları dövlətçiliyin əsas dayaqlarından birinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, polis xalqın güvənc yeri, dövlətin isə möhkəm sütunu olmalıdır. Onun siyasi iradəsi nəticəsində polis orqanlarında nizam-intizam gücləndirilmiş, peşəkarlıq əsas meyara çevrilmiş, qanunçuluğun təmin olunması prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Bu strateji xətt bu gün də uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarında aparılan sistemli islahatlar polis fəaliyyətində yeni mərhələnin əsasını qoymuşdur. Maddi-texniki bazanın gücləndirilməsi, müasir texnologiyaların tətbiqi, kadr hazırlığının beynəlxalq standartlara uyğunlaşdırılması, sosial təminatın yaxşılaşdırılması Azərbaycan polisinin operativ və çevik fəaliyyətinə geniş imkanlar yaradıb.
Bu gün Azərbaycan polisi təkcə cinayətkarlığa qarşı mübarizə aparan struktur deyil, eyni zamanda vətəndaşla dövlət arasında etimad körpüsü rolunu oynayan mühüm institutdur. Polis-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması cəmiyyətin sabitliyinə və təhlükəsizliyinə mühüm töhfə verir.
Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan polisi Vətən müharibəsi dövründə üzərinə düşən məsul vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Arxa cəbhədə ictimai asayişin qorunması, təxribatların qarşısının alınması, strateji obyektlərin mühafizəsi, sabitliyin təmin edilməsi polis əməkdaşlarının fədakar xidmətinin nəticəsi olmuşdur. Bu dövrdə daxili işlər orqanlarının fəaliyyəti dövlətin təhlükəsizlik sistemində mühüm rol oynadı.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə polis orqanlarında xidməti intizamın gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı qətiyyətli mübarizə, kadr potensialının sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Nazirliyin həyata keçirdiyi islahatlar nəticəsində polis orqanlarının cəmiyyətdə nüfuzu daha da yüksəlmiş, vətəndaş məmnunluğu artmışdır.
Bu gün ölkənin bütün bölgələrində – paytaxt Bakıda, eləcə də ən ucqar rayon və kəndlərdə polis əməkdaşları gecə-gündüz demədən xidmət aparır, bəzən həyatlarını riskə ataraq insanların təhlükəsizliyini qoruyurlar. Onların əməyi hər zaman diqqət mərkəzində olmasa da, cəmiyyətin sabitliyi məhz bu səssiz, lakin fədakar xidmət sayəsində təmin olunur.
Xidmət zamanı şəhid olmuş polis əməkdaşlarının xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır. Onların göstərdiyi qəhrəmanlıq və vətənpərvərlik gənc nəsil polis əməkdaşları üçün örnəkdir və bu şərəfli yol gələcək nəsillər tərəfindən də davam etdiriləcək.
2 iyul – Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarında xidmət edən bütün əməkdaşları, polis veteranlarını, şəhid ailələrini və qaziləri dərin hörmət və ehtiramla yad edir, hər bir polis əməkdaşına möhkəm cansağlığı, ailə səadəti və çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulayırıq.
Azərbaycan polisi bundan sonra da Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttə, Prezident İlham Əliyevin siyasi iradəsinə və daxili işlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə həyata keçirilən islahatlara əsaslanaraq qanunçuluğun keşiyində qətiyyətlə dayanacaq, dövlətimizə və xalqımıza sədaqətlə xidmət edəcək.
Azərbaycan polisi – güvənimizin, sabitliyimizin və təhlükəsizliyimizin təminatçısıdır.


Peşə bayramınız mübarək!

Elvin Həmidov
102-ci qəzetin redaktoru
Qızıl qələm media mükafatı laureatı


2 iyul 2025

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir