Peşəkarlıq, vətənpərvərlik və insanlıq borcunun vəhdəti
Bakı şəhərinin ən böyük inzibati ərazilərindən biri olan Sabunçu rayonu, həm strateji, həm də sosial baxımdan paytaxtın dinamik həyatında xüsusi yer tutur. Rayonun təhlükəsizliyinin, ictimai asayişin və qanunçuluğun qorunması isə Sabunçu Rayon Polis İdarəsinin peşəkar kollektivinin üzərinə düşür. Bu idarə, illərdir ki, “Xalq üçün, Vətən naminə” şüarını əməli fəaliyyəti ilə doğruldur.
Sabunçu Rayon Polis İdarəsi uzun illər ərzində hüquq-mühafizə orqanlarının ən fəal struktur qurumlarından biri kimi tanınıb. İdarənin rəhbərliyi və əməkdaşları hər bir vətəndaşın təhlükəsizliyini təmin etməyi, cinayətkarlığa qarşı mübarizəni, ictimai qaydanın qorunmasını özlərinin vicdani vəzifəsi hesab edirlər.
Son illərdə Sabunçu rayonunda baş verən cinayətlərin açılma faizi əhəmiyyətli dərəcədə artıb. Bu, idarənin peşəkar əməliyyat qruplarının, sahə müvəkkillərinin, kriminalistik bölmələrin və təhqiqat orqanlarının sistemli işi sayəsində mümkün olub.
Cinayət hadisələrinin qarşısının alınması, ictimai yerlərdə təhlükəsizliyin qorunması, xüsusilə gənclər arasında hüquq maarifləndirilməsi sahəsində həyata keçirilən tədbirlər cəmiyyət-polis əməkdaşlığının səmərəsini bir daha göstərir.
Sabunçu Rayon Polis İdarəsinin rəhbər heyəti daim ərazi sakinləri ilə açıq dialoqda olur. Hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılması, problemlərin yerində həlli, humanist və peşəkar münasibət idarənin əsas fəaliyyət prinsiplərindən biridir.
Sabunçu rayonunun geniş avtomobil yolları, sənaye və yaşayış ərazilərinin çoxluğu, nəqliyyat axınının intensivliyi DYP əməkdaşlarının üzərinə böyük məsuliyyət qoyur. Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsi bu məsuliyyəti illərdir yüksək peşəkarlıqla daşıyır.
Yol hərəkəti qaydalarına riayət olunması, qəza risklərinin azaldılması, sürücülər və piyadalar arasında təhlükəsizlik mədəniyyətinin artırılması istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər artıq öz bəhrəsini verir. Müntəzəm reydlər, texniki baxışların təşkili, sürücülərlə profilaktik söhbətlər və məktəblərdə keçirilən “Yol hərəkəti qaydalarını öyrənək” layihələri Sabunçu DYP-nin fəaliyyətində mühüm yer tutur.
Xüsusilə, gənc əməkdaşların müasir texnologiyalardan istifadə edərək nəqliyyatın təhlükəsizliyinə nəzarəti gücləndirməsi, yol-nəqliyyat hadisələrinin operativ araşdırılması bu bölməni paytaxt üzrə ən nümunəvi yol polisi strukturuna çevirib.
Sabunçu rayon polis əməkdaşları təkcə hüquq-mühafizə orqanı işçisi kimi deyil, həm də xalqın içindən çıxmış, xalqın yanında olan vətəndaşlardır. Onlar hər zaman sosial layihələrdə, şəhid ailələri və qazilərlə görüşlərdə, təhsil müəssisələrində keçirilən vətənpərvərlik tədbirlərində fəal iştirak edirlər.
Xüsusilə, dövlətçiliyə sədaqət, vətən sevgisi və humanist yanaşma Sabunçu RPİ-nin fəaliyyət fəlsəfəsinin ayrılmaz tərkib hissəsidir.
Bu gün Sabunçu Rayon Polis İdarəsi və Dövlət Yol Polisi şöbəsi yalnız qanun keşikçiləri deyil, həm də cəmiyyətin dayaq nöqtəsi kimi çıxış edir. Onların fədakar fəaliyyəti nəticəsində rayon sakinləri özlərini daha təhlükəsiz, daha rahat hiss edirlər.
Bu idarənin əməkdaşları bir daha sübut edirlər ki, polis forması yalnız xidmət simvolu deyil bu, şərəf, məsuliyyət və xalq sevgisinin nişanəsidir.

Rüfət Hacıyev,
“102-ci qəzet”in əməkdaşı
102info.az
