BAKI AVRASİYA UNİVERSİTETİ YENİ 2025-Cİ İLDƏ NAİLİYYƏTLƏRİNİN SIRASINI DAHA DA ARTIRACAQ

Təhsil

Bakı Avrasiya Universitetinin (BAAU) professor-müəllim heyəti və tələbə kontingenti 2024/2025-ci tədris ilini əhəmiyyətli bir yeniliklə – yeni rektor təyinatı ilə qarşıladı.  Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Kamran oğlu Qasımov Bakı Avrasiya Universitetinin Təsisçilər Şurasının 30.09.2024-cü il tarixli qərarı ilə BAAU-nun rektoru vəzifəsinə təyin edildi.

Hərçənd, cənab Səyavuş Qasımov kollektivə yad adam deyildi. O, yeni təyinatadək BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışdı.

Gəlin, əvvəlcə haqqında söz açdığımız ali təhsil müəssisəsinin rəhbəri ilə daha yaxından tanış olaq:

Səyavuş Qasımov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavriat, 2005-2007-ci illərdə magistratura səviyyələrində təhsil alıb, hər iki pilləni fərqlənmə diplomu ilə bitirib.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Siyasi institutlar və sistemlər” ixtisası üzrə doktoranturada təhsil alıb və təhsilini 2011-2012-ci illərdə Avropa Birliyinin “Erasmus Mundus” proqramı üzrə Yunanıstanın Beynəlxalq Hellenic Universitetində davam etdirib. “Azərbaycan Respublikasının milli maraqları sistemində geosiyasi amil” mövzusunda siyasi elmlər üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək 2017-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 30-dan çox elmi məqalənin müəllifidir. Bir sıra beynəlxalq elmi konfranslarda çıxış edib. Bakı Avrasiya Universitetində tədris olunan “Geosiyasətin müasir problemləri”, “Dövlət idarəçilik nəzəriyyəsi” və “Politologiya”  fənlərinin tədris proqramlarını tərtib edib.

İngilis və rus dillərini bilir.

Əmək fəaliyyətinə 2007-ci ildə Bakı Avrasiya Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi başlayıb.  BAAU-nun Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, şöbə müdiri, Universitetin elmi katibi, kafedra müdiri əvəzi və dekan əvəzi vəzifələrində çalışıb. 2015-ci ildən yeni təyinatadək universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsini icra edib.

2014-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədridir.

Azərbaycan Elm Fondu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və beynəlxalq təşkilatlar  tərəfindən maliyyələşdirilən 12 layihənin müəllifidir.

Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri ilə  “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

Və… tədris ili yarı olsa da, təqvim ili başa çatıb – Özünün həm sevincli, həm də üzüntülü notları ilə. BAAU-nun Marketinq ixtisasının III kurs tələbəsi Mahmud Tutunçiyev 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında baş vermiş qəza nəticəsində həyatını itirdi. Universitetin girişində M.Tutunçiyevin əziz xatirəsini anmaq üçün xatirə guşəsi yaradılıb. BAAU-nun rəhbərliyi, akademik-inzibati heyət üzvləri və tələbələr guşənin önünə gül dəstələri qoyub, onu ehtiramla yad ediblər.

Yeri gəlmişkən, BAAU-da tələbələrlə vətənpərvərlik tərbiyəsi müstəvisində aparılan səmərəli işin nəticəsidir ki, Universitetin tələbə və məzunları sırasından Vətən müharibəsində qazanılan parlaq qələbəmizə töhfə verən şəhid və qazilər, veteranlar olmuşdur. Onlardan biri də Şəhid  İsgəndərov Anar Vahid oğludur. 2024-cü il noyabrın 6-da Bakı Avrasiya Universitetinin (BAAU) rəhbərliyi və bir qrup tələbəsi Şəhid Anar İsgəndərovun məzarını və ailəsini ziyarət ediblər. Onlar ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri düzüb, dualar oxuyublar. Sonra şəhidin ailəsi ziyarət olunub. Görüş zamanı şəhid Anar İsgəndərovun ailə üzvləri ilə söhbət edilib, onların dərdini paylaşaraq təsəlli verilib. Bu gün ərazi bütövlüyü təmin olunmuş dövlət və qalib xalqın nümayəndəsi kimi qürur hissi ilə yaşamağımızı Anar İsgəndərovun timsalında bütün şəhidlərimizə və qazilərimizə borclu olduğumuz bildirilib. BAAU-nun bütün şəhid tələbə və məzunlarının əziz xatirəsinin daim yad edildiyini diqqətə çatdıran universitet nümayəndələri onlara Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyib. Şəhid Anar İsgəndərovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər. Onlar övladlarının xatirəsinin əziz tutulmasının, onun və digər şəhidlərimizin vətən uğrunda göstərdikləri şücaətin unudulmadığının, daim dəyərləndirildiyinin onlar üçün böyük təsəlli və qürur mənbəyi olduğunu qeyd ediblər.

Qeyd edək ki, Anar İsgəndərov 2001-ci il avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərində dünyaya göz açmışdır. 2018-ci ildə BAAU-nun Regionşünaslıq və İqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisasına daxil olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalı altında olan torpaqların azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası məqsədilə başladığı İkinci Qarabağ müharibəsinə qoşulub. O, Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən ağır döyüşlərdə iştirak edib və oktyabrın 10-da Cəbrayıl rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Anar İsgəndərov ölümündən sonra “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.

Başa çatan 2024-cü ildə Bakı Avrasiya Universitetinin kollektivi əvvəlki illərlə müqayisədə xeyli uğurlu göstəricilərə nail olmuşdur. İlin sonunda rektor Səyavuş Qasımov nailiyyətlərin qazanılmasına töhfə verən əməkdaşların əməyini dəyərləndirdi. Bakı Avrasiya Universitetində (BAAU) əməkdaşlar arasında keçirilmiş nominasiyalar üzrə sorğunun nəticələrinə əsasən qaliblərin və 2024-cü ilin iş uğurlarına görə fərqlənən işçilərin təltifetmə mərasimi keçirildi. Təltifetmə mərasiminin açılışında çıxış edən BAAU-nun rektoru, dosent Səyavuş Qasımov 2024-cü ilin yekunlarını yüksək qiymətləndirərək, kollektivin və tələbələrin müxtəlif istiqamətlərdəki töhfələrinin universitetin inkişafında mühüm rol oynadığını vurğuladı. BAAU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeç, Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli kadr hazırlığı və universitetin ictimai həyatında fəal iştiraka, Layihələrin idarə olunması və akademik mobillik sektorunun müdiri Aygül Əhmədova universitetin beynəlmilləşmə siyasətinin həyata keçirilməsindəki fəaliyyətinə, Keyfiyyət təminatı sektorunun müdiri Esmira Talıbova təhsilin keyfiyyətinin artırılması istiqamətində gördüyü işlərə və İnformasiya texnologiyaları sektorunun müdiri Tamerlan Şahbazlı Universitetin rəqəmsallaşdırma prosesindəki mühüm töhfələrinə görə təltif ediliblər. Bununla yanaşı, universitet əməkdaşları arasında müxtəlif nominasiyalar üzrə keçirilən səsvermənin nəticələrinə əsasən I yerin sahibləri təltif ediliblər. Belə ki, soğru səsverməsinin nəticələrinə əsasən “İlin lideri” BAAU-nun Tələbə Gənclər Təşkilatının sədri Fidan Əzizova, “İlin gizli qəhrəmanı” rektorun böyük referenti Aysel Əlili və “İlin yaradıcı işçisi” isə İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Qurban Qurbanzadə seçilib.

Bildiyimiz kimi, 2024-cü il həm də ölkəmizdə COP29 kimi əhəmiyyətli bir beynəlxalq tədbirin keçirilməsi ilə yaddaqalan oldu. Bakı Avrasiya Universitetinin (BAAU) bir qrup tələbəsi Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllü olaraq aktiv iştirak ediblər. Könüllü tələbələr texniki dəstək göstərir, xarici qonaqlara bələdçilik edir və tədbirin ümumi işinə əhəmiyyətli töhfələr veriblər. Bununla yanaşı, universitetin müəllim və tələbələri COP29 çərçivəsində təşkil olunan “Yaşıl Zona”nı ziyarət edərək müxtəlif ölkələrin, yerli və xarici şirkətlərin guşələri ilə tanış olublar. Onlar təqdim olunan ekoloji layihələr və innovativ həllərlə yaxından maraqlanaraq iqlim dəyişmələri mövzusunda biliklərini daha da artırıblar. Onu da qeyd edək ki, il boyu BAAU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a həsr olunmuş müxtəlif tədbirlərin təşkilinə xüsusi önəm verilib. Universitetdə iqlim dəyişikliyi, davamlı inkişaf və ekoloji məsuliyyət mövzularını əhatə edən seminarlar, müzakirələr və maarifləndirici layihələr həyata keçirilib.

Müvafiq təhsil pillələrində yüksək akademik göstəricilərə və nailiyyətlərə malik olan məzunların Universitetdə qalıb işlə təmin olunması ilə yanaşı, elmi – pedaqoji fəaliyyətlə də məşğul olmaları istiqamətində bir sıra layihələr gerçəkləşdirilir. Müasir dövrün çağırışlarına, əmək bazarının tələblərinə, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq təhsilin keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə xüsusi diqqət yönəldilən Bakı Avrasiya Universitetində yaradılmış Karyera və təcrübə mərkəzi tələbələrin gələcəkdə uğurlu karyera qurmalarına yardımçı olan struktur bölmələrdən biridir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti tələbələrin və məzunların məşğulluğunun təmin olunmasında dəstək olmaq və köməklik göstərməkdir. Bunun üçün Karyera Mərkəzi gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması məqsədi ilə kompleks tədbirləri həyata keçirir.

Universitetdə imtahanların keçirilməsi mövcud qaydaların tələblərinə uyğun təşkil edilir. Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın qorunması Universitetin dəyişməz mövqeyidir. Tələbələrin valideynlərinin də imtahan sessiyasına gəlib iştirak etmələri üçün zəruri şərait yaradılır.

Artıq Bakı Avrasiya Universitetində (BAAU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılıb. 29 dekabr 2024-cü il tarixində start götürən sessiya 2025-ci ilin 1 fevral tarixinədək davam edəcək. Bu müddət ərzində 3570-dən çox tələbə və magistrantın imtahanlarda iştirakı nəzərdə tutulub.

İmtahanlar yazılı, şifahi və test üsulu ilə keçirilir. Sessiyanın obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə “İmtahan Qərargahı” və “Apellyasiya Komissiyası” yaradılıb. Bundan əlavə, BAAU-nun rektoru, dosent Səyavuş Qasımov tərəfindən tələbə və magistrantların birbaşa müraciətlərini qəbul etmək üçün xüsusi “Telegram Bot” istifadəyə verilib.

İnanırıq ki, təqdim etdiyi təhsilə vaxt keçdikcə erroziyaya uğramayan, ömür boyu üstünlük təmin edən dəyərlər və ya dəyərlər sistemi formalaşdıran bir “əbədi mühərrik” kimi baxan BAAU yeni 2025-ci ildə də özünün missiyasına uyğun olaraq, ümumbəşəri dəyərləri nəzərə almaqla, fərdi rifah üçün tələb olunan dünyəvi bilik, bacarıq və vərdişlər formalaşdıran, sərbəst tədqiqat bacarığı və azad düşüncəyə malik, dövlətin, ölkənin, xalqın inkişafını prioritet hesab edən ali təhsilli vətəndaş yetişdirmək vəzifəsinin öhdəsindən layiqlə gələcək.

Tural Kəlbəcərli

102info.az baş redaktor

Qızıl qələm” mükafatı laureatı

Azərbaycan Jurnalistlər Birliyi (AJB) üzvü

102info.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir