
Azərbaycanda COP29-un keçirilməsi, ölkəmiz və dünya üçün əhəmiyyətli və mötəbər bir hadisədir. 200 ölkənin yekdil qərarı ilə COP29-a Azərbaycanın ev sahibliyi etməsi, dünya birliyinin ölkəmizə duyduğu hörmətin və Azərbaycanın beynəlxalq arenada fəal rolunun yüksək qiymətləndirilməsi deməkdir. Bu uğur, şübhəsiz ki, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, düzgün düşünülmüş uzaqgörən siyasətinin və müstəqil diplomatiyamızın nəticəsidir.

COP29-un sədri olaraq Azərbaycan, inkişaf etmiş və inkişaf edən ölkələr arasında balansın qurulmasına, həmçinin Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələrin inkişaf etdirilməsinə mühüm töhfələr verməyi hədəfləyir. Bu, həm Azərbaycanın qlobal iqlim siyasətindəki mövqeyini gücləndirir, həm də dünya üzrə ətraf mühitin qorunmasına yönəlik kollektiv səylərin artmasına imkan yaradır.
Lakin, bu böyük uğur bəzi qüvvələri narahat etmişdir. Azərbaycanda COP29-un ev sahibliyi etməsi ilə bağlı müxtəlif dövlətlər və onların təsiri altındakı qruplar tərəfindən qarayaxma kampaniyası başlatılmışdır. Özünü müstəqil QHT adlandıran bəzi təşkilatlar və bəzi siyasətçilər ölkəmiz haqqında yanlış məlumatların yayılması üçün sanki bir-biri ilə yarışa girmişdir. Lakin bu cür cəhdlər heç bir zaman Azərbaycanı və onun dünya səhnəsindəki mövqeyini zəiflədə bilməyəcəkdir.
Azərbaycan, yüksək səviyyədə təşkil edilən COP29-da bir tərəfdən qlobal iqlim problemlərinin həllinə dair konkret addımlar atmaqla, digər tərəfdən dünya xalqlarına Azərbaycanın sülhsevər və inkişaf yolundakı məqsədlərini nümayiş etdirir. Bütün bu fəaliyyətlər, həmçinin, ölkəmizin bu mühüm tədbirin təşkilindəki rolunu möhkəmləndirir.
Ölkəmiz bu təşəbbüslə yalnız iqlim dəyişikliyinə qarşı mübarizəyə deyil, həm də qlobal sülh və təhlükəsizliyə də dəstək verir. Prezident İlham Əliyev, bu cür mənfur kampaniyalara qarşı verdiyi cavablarla da dünyanın diqqətini öz üzərinə çəkməyə davam edir. O, bir neçə dəfə bəyan etmişdir ki, COP29-a qarşı yönəlmiş boykot çağırışlarına baxmayaraq, tədbirə artıq 196 ölkədən 72 min nəfər iştirakçı qeydiyyatdan keçmişdir. Onların arasında 80-dən çox Prezident, Vitse-prezident və Baş Nazir də vardır. Bu, Azərbaycan və Bakı şəhərinin qlobal səviyyədəki əhəmiyyətini bir daha göstərir. Prezidentin sözləri ilə desək, “Dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, Azərbaycana xoş gəlmisiniz!”
Bununla yanaşı, 20 noyabr tarixində, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksək səviyyəli nazirlər görüşü keçirilmişdir. İclasda Azərbaycanın Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev də iştirak edib. Bu görüşdə dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizənin və davamlı inkişafın şəhərsalma və urbanizasiya sahəsindəki rolu müzakirə edilmişdir. Tədbir, həmçinin iqlim dəyişikliyinin qarşısının alınmasında yerli idarəetmə və şəhər inkişafı üçün atılacaq konkret addımları müəyyənləşdirmək məqsədi güdür.

Ümumilikdə, COP29 Azərbaycana dünya miqyasında yüksək hörmət qazandırmaqla yanaşı, ölkəmizin iqlim siyasətindəki fəallığını və beynəlxalq arenada güclü mövqeyini bir daha nümayiş etdirir. Bu tədbir, yalnız iqlim dəyişikliyi ilə mübarizəyə dair dünya liderlərinin bir araya gəlməsi üçün vacib bir platforma olmaqla yanaşı, həm də Azərbaycanın dünya miqyasında artan nüfuzunun təntənəsidir.

102info.az
