Portuqaliyanın Matuzinyuş şəhərində keçiriləcək karate üzrə ilin ikinci Premyer Liqa yarışında iştirak edəcək Azərbaycan idmançılarının siyahısı müəyyənləşib.
Oxu.Az-ın xəbərinə görə, 15 karateçi Pireney yarımadasında keçiriləcək yarışda Azərbaycanı təmsil edəcək. Yalnız qadınlarda 55 kq çəki dərəcəsində təmsil olunmayacağıq (əvvəllər bu çəkidə İlahə Qasımova yarışırdı – S.M.).
Ancaq Azərbaycan Milli Karate Federasiyasının aprelin 9-dək həmin çəkiyə bir idmançı sifariş etməsi mümkündür. Çünki Ümumdünya Karate Federasiyası qadınlarda -50, -55, -61, -68, +68 kq, kişilərdə +84 kq çəki dərəcəsində 32 nəfərlik limit dolmadığı üçün yerli qurumlara iki gün əlavə vaxt verib.
Həmçinin, heyətdə Tokio Olimpiadasının iştirakçıları, yaxınlarda müvafiq olaraq Abşeron Rayon Polis İdarəsində və Dövlət Gömrük Komitəsində vəzifə verilən Firdovsi Fərzəliyevlə Rafael Ağayev yoxdur.
Qadınlar: Mədinə Sadıqova (-50 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq);
Kişilər: Əminağa Quliyev, Sultan Hüseynov, Hüseyn Məmmədli (hər üçü -60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq), Fərid Ağayev (-75 kq), Pənah Abdullayev, Turqut Həsənov, Ayxan Mamayev (hər üçü -84 kq), Asiman Qurbanlı, Osman Osmanlı (hər ikisi +84 kq);
Kata: Roman Heydərov.
Qeyd edək ki, Premyer Liqa yarışı 22-24 aprel tarixlərində Matuzinyuş İdman və Konqres Mərkəzində keçiriləcək.
Səbuhi Musa
www.102info.az
