Artıq sabah tədris ilinin sonudur. Son günlər bununla əlaqədar olaraq məktəblilərin müxtəlif istirahət zonalarına səfərləri artıb. Eyni zamanda, qəzaların da sayı çoxalıb.
Belə ki, iyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Nəticədə avtobusdakı Bakı şəhəri 279 nömrəli məktəbin ümumilikdə 36 şagirdi (32 nəfər lV sinif və onların ailə üzvləri olan dörd nəfər digər sinif şagirdi), dördüncü sinfin rəhbəri olan müəllimi və 19 nəfər valideyn xəsarət alıb.
Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.
Bir müddət əvvəl Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində Ağdam rayon sakini Elyar Əhmədovun idarə etdiyi “ISUZU” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşmışdı.
Bildirilmişdi ki, dördü müəllim, ikisi valideyn və 16-sı da şagird olmaqla ümumilikdə 22 nəfər gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəlibmişlər.
Məktəblilərin iştirakı ilə həyata keçirilən turlar necə təşkil edilməlidir? Tur şirkətlərinin fəaliyyətinə necə nəzarət olunur?
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Oxu.Az-a açıqlamasında qeyd edib ki, turizm şirkətləri turlar üçün avtobusları nəqliyyat şirkətlərindən icarəyə götürürlər:
“Həmin şirkətlər avtobusları sürücülərlə təqdim edirlər. Təəssüf ki, səfərlərdə çox hallarda sürücülər tək olurlar. Əslində iki sürücünün olması daha yaxşı olardı. Yay mövsümündə sürücülər çox işləyir, yorulur, istirahət etmədən ikinci səfərə çıxırlar.
Bu hal doğru deyil. Dünən baş verən hadisədə məktəblilərin hansı turizm şirkəti ilə getdikləri bilinmir. Əgər bizim Assosiasiyanın üzvüdürsə, onunla bağlı iş aparılacaq. Yox, bizim üzvümüz deyilsə, təəssüf ki, onlarla bağlı nəsə etməyə səlahiyyətimiz çatmır”.
O əlavə edib ki, turizm şirkətləri icarəyə nəqliyyat vasitəsi götürdükləri şirkətlərlə müqavilələr bağlamalıdırlar:
“Bu zaman standartlar qorunmalıdır. Avtobusda sərnişinlərin, məktəblilərin kəmərdən istifadəsi diqqətdə saxlanılmalıdır. Eyni zamanda, hər bir tur zamanı iştirakçılar sığortalanmalıdırlar. Amma turizm şirkətlərinin buna öz yanaşması var.
Onların hər biri bizə üzv olmadığı üçün nəzarət edə bilmirik. Amma gələcəkdə bu məsələ tənzimlənəcək. Ölkəmizdə yeni “Turizm haqqında” qanun qüvvəyə minib, tezliklə standartlar, mexanizmlər təsdiq olunacaq və turizm şirkətlərinin reyestrdən keçirilməsi yer alacaq”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) saytımıza bildirilib ki, tur şirkətlərinin təşkil etdikləri avtobusların quruma aidiyyəti yoxdur:
“DANX avtomobil nəqliyyatı ilə daşımalara dair fərqlənmə nişanlarının verilməsini həyata keçirir. Qurumun avtovağzal ərazisindən çıxan və digər avtovağzal ərazisinə hərəkət edən avtobuslara cavabdehdir. Tur şirkətləri icarəyə avtobuslar götürürlər ki, buna nəzarət DANX-ın səlahiyyətində deyil”.
Səyahət bloqeri, tur təşkilatçısı Rəna Kərimova deyir ki, artıq bir ildir ki, Azərbaycan daxilində turlar təşkil edir:
“Əvvəllər özüm bloqer olaraq Azərbaycanı qarış-qarış gəzirdim. İzləyicilərdən çoxsaylı müraciətlər alırdım ki, nə gözəl yerlərə gedirsiniz, bizi də aparın, sizinlə səyahət etmək istəyirik. Mən də düşündüm ki, niyə də yox? Rayonlarımıza turlar təşkil etməyə başladım.
Turlarım barədə sosial şəbəkə hesablarımda məlumat verirəm, arzu edənlər qoşulurlar. Turlarımda adətən 20-45 yaşlı xanımlar daha çox üstünlük təşkil edirlər. Əslində cinsi ayrı-seçkilik etmirəm, bəlkə də, turlarımın ruhundadır, daha çox xanımlar qatılırlar. Xüsusən də lalə, lavanda, günəbaxan turlarıma xanımlar arasında maraq çox olur.
Son aylarda Naxçıvan Muxtar Respublikasına turlar da etdim. Doğrudan da, Naxçıvanın gözəl yerləri var. Eyni zamanda, xarici ölkələrə də turlar edirəm.
Xarici turlar üçün turizm şirkətlərindən hazır paket alanda oraya yalnız uçuş və otel rezervasiyası, hava limanı transferi daxil olur. Amma bizim bələdçi turlarımızda, demək olar ki, səhərdən axşama qədər birlikdə oluruq. Yeni ölkənin, yeni şəhərin hər addımını birlikdə qarış-qarış kəşf edirik”.

O qeyd edib ki, rayon turları (səhər gedib, axşam qayıtmaq) 45-50 manat civarında olur:
“Bu qiymət baha deyil. 20-25 manata olan turlar da var. Onlarda yolkənarı bərbad bir restoranda səhər yeməyi olur. Onda da bir qaynadılmış yumurta, bir dilim pendir olur. İştirakçılar arasında kommunikasiya olmur, tur bələdçisini heç orada görmək olmur. Mən keyfiyyətə üstünlük verirəm”.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov isə deyir ki, pandemiya başlayandan insanlar ölkədə daxili turizmə üstünlük verirlər:
“Hazırda gündəlik turlar daha aktualdır və tur şirkətləri təşkil edir. Təəssüf ki, fərdi şəxslər də turlar təşkil edirlər. Bunlara ciddi şəkildə nəzarət edəcək mexanizm yoxdur. “Turizm haqqında” qanuna görə, turizm şirkətləri reyestrdən keçəcək və baza yaradılacaq. Şərtlərə əməl edilməyəni cərimə və cəza tədbirlər gözləyir. Hazırda bazarda xaotik mühit var və nəzarət mexanizmi güclü deyil”.

Sədr səfərə gedən vətəndaşlara çağırış edib:
“Vətəndaşlar tura getmədən ciddi araşdırma aparmalıdırlar. Ucuz qiymətə aldanaraq tanınmayan şəxslərin təklif etdikləri turlardan istifadə etməsinlər. Əsas qiymətə yox, keyfiyyətə üstünlük versinlər. Bizim quruma da müraciət edə bilərlər ki, biz onları normal tur təşkil edən şirkətlərə yönəldə bilərik”.
O qeyd edib ki, hər bir turdan istifadə edən şəxs səfər sığortası vasitəsilə sığortalanmalıdır:
“Belə hadisələrdən heç kim sığortalanmayıb. Vətəndaşlar səfərə gedən zaman sığorta etdirməlidirlər. Sığorta olunan zaman turların qiyməti baha olduğu üçün insanlar ucuz turlar seçirlər. Məktəbli turlarıdırsa, avtobusun görünən yerində “uşaqlar”, “məktəblilər” sözü yazılmalıdır ki, ətrafda olan nəqliyyat vasitələrinin sürücüləri daha da ehtiyatlı olsunlar. Eyni zamanda, sürət həddi də yüksək olmamalıdır”.
Turizm üzrə ekspert Kənan Hənifəyev bildirib ki, yay mövsümündə turların, xüsusi ilə məktəbli səfərlərinin sayı çoxalır:
“Müxtəlif turizm şirkətləri bunu yerinə yetirirlər. Məktəb turları ilə bağlı xüsusi bir meyar yoxdur. Valideynlər, müəllimlər tərəfindən turizm şirkəti ilə qidalanmaq, nəqliyyat, qiymət barədə danışıqlar aparılır və səfər təşkil edilir. Turizm sektorunda ildə bir-iki dəfə belə qəzalar baş verir. Bu da qaçılmazdır. Heç bir tur rəhbəri istəməz ki, bu cür hal yaşansın.
Avtobus sürücülərinin gündəlik tur sifarişləri qəbul edib, istirahətsiz çalışmaları neqativ haldır. Bununla bağlı yoxlama mexanizmi olmalıdır. Bunun üçün turizm polisi adlı qurum yaradılmalıdır ki, tur təşkilatçıları, nəqliyyat yoxlanılsın. Məsələn, bir avtobus postdan gün ərzindən dörd dəfə keçirsə, nəzarət olmalıdır”.

O qeyd edib ki, Azərbaycanda “Turizm haqqında” yeni qanun qüvvəyə minib:
“Turizm şirkətlərinin reyestrdən keçirilməsi vacib şərtdir. Yay mövsümü olduğuna görə bu sahəni bilməyənlər də turizm şirkətləri adı altında turlar təşkil edirlər. Bu, yolverilməzdir. Yeni qanunda şirkətlərlə turistlərin birgə müqaviləsi olmalıdır ki, belə hallar olanda nüanslar müsbət yöndə həll edilsin”.
Ekspert yeni qanunla bazarda peşəkar şirkətlərin fəaliyyət göstərəcəyinə ümid edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarına əsasən, avtomobil nəqliyyatı ilə sərnişin daşınma qaydasına görə:
– Uşaq qruplarının avtobuslarla daşınması yalnız “D” kateqoriyası və ya “D1” altkateqoriyası üzrə avtomobil nəqliyyatı vasitəsinin idarə olunmasında üç il və daha çox fasiləsiz iş stajına malik olan sürücülər tərəfindən yerinə yetirilə bilər.
– Uşaq qruplarının 400 km-dən artıq məsafəyə daşınması üçün uşaqları aparan hər avtobusa iki sürücü təhkim olunur.
– Növbəarası istirahəti 12 saatdan az olan və ya reysqabağı tibbi müayinədən keçməyən sürücülər tərəfindən, yaxud texniki vəziyyətinin reysqabağı yoxlanılması aparılmayan avtonəqliyyat vasitələri ilə uşaqların daşınması üçün reysə çıxmasına yol verilmir.
– Avtobuslarla uşaq qruplarının daşınması yerinə yetirildikdə daşınmanın sifarişçisi tərəfindən bir böyük müşayiətçi, aparılan uşaqların sayı iyirmidən çox olduqda isə iki böyük müşayiətçi təyin edilir. Müşayiətçilər uşaq qruplarının təhlükəsiz daşınması məqsədi ilə müvafiq tədbirlərin görülməsini təmin etməlidirlər. İki müşayiətçidən biri baş müşayiətçi təyin edilir. Həmin müşayiətçi əsas avtobusda olmalı və daşınma zamanı bu Qaydalardan irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir.
– Azərbaycan Respublikasının ərazisində uşaq qruplarının daşınması zamanı növündən asılı olmayaraq, avtobusların hərəkət sürəti saatda 70 kilometrdən artıq olmamalıdır. Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq uşaqların daşınmasını yerinə yetirən avtobusların yaxın məsafə üçün işıqları günün vaxtından asılı olmayaraq yandırılmalı və onlar “Uşaqların daşınması” tanınma nişanı ilə təchiz edilməlidir.
– Uşaq qruplarının saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində, habelə yolun görünməsi məhdud olduğu şəraitdə (duman, yağış, qar və digər hallarda) daşınmasına yol verilmir. Müstəsna hallarda saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində uşaqların dəmiryolu vağzallarına, hava və dəniz limanlarına və onların geriyə qaytarılmasına, habelə yolda ləngimə baş verdikdə yaxındakı istirahət məntəqəsinədək (gecələmə yerinədək) daşınmasına yol verilir.
– Uşaqların daşınması sayı 3-dən 10-dək avtobusun daxil olduğu kolonlarla yerinə yetirilməsi haqqında məlumat aldıqda BDYPİ-nin müvafiq bölmələri həmin kolonların bir ədəd patrul avtomobili, kolona daxil olduğu avtobusların sayı 10-dan çox olduqda isə iki patrul avtomobili ilə müşayiət olunmasını təmin etməlidir.
– Bu Qaydaların və ya yol hərəkəti qaydalarının tələblərinin pozulması halları aşkar edildikdə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı və ya əsas avtobusda olan baş müşayiətçi təhlükəsiz hərəkətin davam etdirilməsinə maneə yaradan halların və pozuntuların aradan qaldırılması üzrə zəruri tədbirlər görülənədək uşaqların daşınmasını qadağan edir.
İlhamə Əbülfət
www.102info.az
