Şəhid atası ictimai asayişin qorunmasına görə polisə minnətdarlıq bildirir

Azərbaycan Polisi

Azərbaycan Respublikasının Daxili İşlər naziri, General-polkovnik cənab Vilayət Eyvazovun diqqətinə

Möhtərəm cənab nazir,

Mən, İkinci Qarabağ müharibəsində Fizuli istiqamətində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Mərdanov Vaqif Ədalət oğlunun atası – Mərdanov Ədalət Vaqif oğlu olaraq, bu məktub vasitəsilə Sizə və rəhbərlik etdiyiniz Daxili İşlər Nazirliyinin şəxsi heyətinə dərin təşəkkür və ehtiramımı bildirirəm.

Yaşadığım Suraxanı rayonu, Hövsan qəsəbəsində ictimai asayişin təmin olunması, cinayətkarlığın qarşısının alınması və xüsusilə gənclər arasında narkotik vasitələrin yayılmasına qarşı aparılan sistemli mübarizədə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi və əməkdaşları tərəfindən göstərilən yüksək peşəkarlıq və prinsipial mövqe təqdirəlayiqdir.

Ərazimizdə quraşdırılan müasir kameralaşma sistemləri, mütəmadi reydlər, profilaktik tədbirlər və sakinlərlə daim qurulan sıx əməkdaşlıq nəticəsində bu gün Hövsanda sabitlik, təhlükəsizlik və ictimai rahatlıq hökm sürür. Əhali bu sakitliyi, bu güvəni birbaşa polis əməkdaşlarının fədakar və məsuliyyətli fəaliyyətinin nəticəsi kimi dəyərləndirir.

Bu uğurlar, şübhəsiz ki, Sizin – Azərbaycan Respublikasının Daxili İşlər naziri kimi daim məsuliyyətlə apardığınız rəhbərliyin və dövlət başçısının müəyyənləşdirdiyi strateji kursa sadiqliyinizin bəhrəsidir. Siz hər zaman olduğu kimi, bu gün də polis əməkdaşlarının sosial təminatına, peşəkar hazırlığına və xalqla qarşılıqlı etimadın güclənməsinə xüsusi önəm verirsiniz. Məhz bu səbəbdəndir ki, Azərbaycan polisi cəmiyyətin sabit dayağına çevrilmişdir.

Eyni zamanda, fürsətdən istifadə edərək, 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Sizi, bütün daxili işlər orqanlarının əməkdaşlarını və şəhid polis ailələrini səmimi qəlbdən təbrik edirəm. Bu şərəfli və məsuliyyətli peşənin daşıyıcıları olaraq, Sizlər hər gün həyatınızı riskə ataraq ictimai asayişi qoruyur, vətəndaşlarımızın təhlükəsizliyi naminə fədakarlıq göstərirsiniz. Xüsusilə Vətən Müharibəsində Azərbaycan polisinin nümayiş etdirdiyi qəhrəmanlıq və dövlətə sədaqət xalqımız tərəfindən böyük ehtiramla qarşılanır.

Şəhid ailəsi olaraq, biz hər zaman dövlətimizin, onun təhlükəsizliyini təmin edən hüquq-mühafizə orqanlarının və sadiq vətəndaşlarının yanındayıq. Övladını bu torpaq, bu bayraq, bu millət uğrunda şəhid vermiş bir ata kimi qürur duyuram ki, dövlətimiz bu gün şəhidlərin ruhunu əbədi yaşadır və onların ailələrinə sahib çıxır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, Azərbaycan xalqına sülh və əmin-amanlıq bəxş etsin! Daxili İşlər Nazirliyinin kollektivinə məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar, Sizə isə möhkəm can sağlığı və dövlətçilik yolunda uğurlar arzulayıram.

Hörmətlə,
Mərdanov Ədalət Vaqif oğlu
Şəhid atası
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi
03 iyul 2025-ci il

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir