“İST Petrol” MMC-nin texniki problemi mediada təhrif olunmuş şəkildə yayılıb.
Müdrik bir deyim var: “Azacıq təhrif edilmiş həqiqət, ən dəhşətli yalandır”.
102info.az xəbər verir ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə “İST PETROL” yanacaqdoldurma məntəqəsində satılan avtomobil yanacağının keyfiyyəti ilə bağlı görüntülər yayılıb. Sürücülər bildiriblər ki, yanacağa benzinlə birlikdə başqa maddələr də qatılıb. Bu səbəbdən bir neçə avtomobil yolda qalıb.
Sözügedən görüntülərə “SOCAR PETROLEUM” QSC-nin mətbuat xidməti münasibət bildirib. Qeyd olunub ki, “İST Petrol” MMC məsələni nəzarətə götürüb, araşdırma aparılıb və sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyi müəyyən olunub. Yaranmış texniki problem səbəbindən “SOCAR Petroleum” QSC sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb və problemlərin qısa müddətdə aradan qaldırılacağı bildirilib.
Acınacaqlı haldır ki, bəzi kütləvi informasiya vasitələri faktı “İST PETROL”-da benzinə su qatıldığı rəsmən təsdiqləndi” sərlövhəsi ilə təqdim ediblər. Bu isə təhrif deməkdir. Çünki suyun qatılması başqadır, suyun sızması başqa. Heç olmasa, “benzinə su qatışdığı…” yazılsaydı, həqiqətə yaxın olardı.
Xəbəri bu cür təqdim edənlər müəssisənin nüfuzuna zərbə vurduqlarına görə daşıdıqları məsuliyyəti dərk etməlidirlər. Məsələ burasıdır ki, müştəri məmnuniyyətini prioritet hesab edən heç bir şirkət öz məhsulunun və xidmətinin keyfiyyətindən oğurluq eləməz. Əgər, “İST Petrol” MMC-nin müştərinin cibinə girmək kimi bir niyyəti olsaydı, benzinə su deyil, ayırd edilməsi asan olmayan başqa ucuz qatqı əlavə edərdi.
“İST Petrol” MMC-nin yanacaqdoldurma məntəqələrində analoji obyektlərə verilən bütün tələblərə ciddiliklə riayət olunur. MMC nümunəvi vergi ödəyicisidir, fəaliyyət əmək qanunvericiliyinə, təhlükəsizlik qaydalarına tam cavab verir. Bundan əlavə, müəssisə rəhbərliyi sosial şəbəkədə yayılan məlumatları təkzib də edə, böhtan olduğunu iddia edə bilərdi. Sürücülərin irəli sürdükləri iddiaları sübuta yetirmələri çətin və bəlkə də hətta qeyri-mümkün olardı. Ancaq MMC rəhbərliyi bunu etmədi, əksinə, problemə vicdanlı yanaşma mövqeyi nümayiş etdirdi. Bu isə, razılaşaq ki, alqışa layiqdir.
Tural Kəlbəcərli
102info.az baş redaktor
www.102info.az
