Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Müdafiə Qüvvələri Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Prezident Salome Zurabişvilini salamlamaqdan imtina edib.
Kobaxidze Zurabişvilini konstitusiyanı pozmaqda ittiham edib.
“Öz salamlaşma çıxışımda mən qəsdən əvvəlki çıxış edənin (Prezident Salome Zurabişvili – red.) adını çəkmədim. Gürcüstan ordusu qarşısında siyasi bəyanatlarla çıxış edə bilmərəm. Prezidentin yüksək mövqeyi baxımından və bu gün üçün belə bəyanatların verilməsi uyğun olmazdı. Konstitusiya qarşısında andı pozduqlarına görə və vətənə xəyanət etdiklərinə görə hər kəs Allah qarşısında cavab verəcək”, – deyə Kobaxidze bildirib.
İrakli Kobaxidzedən əvvəl tədbirdə çıxış edən Salome Zurabişvili bir sıra siyasi bəyanatlar verib, o cümlədən hakimiyyəti kollektiv Qərb tərəfdaşlarını düşmənə çevirməyə çalışmaqda ittiham edib.
Qeyd edək ki, son bir neçə ildə Zurabişvili hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası ilə açıq qarşıdurmaya girib. O, hakimiyyəti tənqid edir və onları Rusiyayönümlü hərəkətlərdə ittiham edir. Keçən il “Gürcü arzusu” baş nazir tərəfindən təsdiq olunmayan xarici səfərlərinə görə Zurabişvilinin impiçment olunması təşəbbüsü ilə çıxış edib. Lakin hakim partiyanın parlamentdə mandat sayının yetərli olmaması səbəbindən bu baş tutmayıb. Zurabişvili isə impiçment cəhdinə baxmayaraq, hökumətin razılığı olmadan müxtəlif ölkələrə səfərlərini davam etdirir.
Mənbə: TASS
www.102info.az
