Ağdaban soyqırımı qurbanlarının xatirəsi anılıb

Baş səhifə

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 aprel 2023-cü il tarixində Ağdaban soyqrmının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə dövlət və hökumət nümayəndələri, faciənin şahidləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda və Ağdaban soyqırımında canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, bu gün Ağdaban soyqırımından 31 il ötür. Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu soyqırımı və etnik təmizləmə siyasəti nəticəsində minlərlə günahsız insan qətlə yetirilib, kütləvi qırğınlar törədilib.
Ermənistanın insanlıq əleyhinə yönəlik çoxsaylı cinayətlərindən biri də 1992-ci il aprelin 7-dən 8-ə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində törədilib, kənd əhalisinə işgəncələr verilib, insanlar kütləvi şəkildə qətlə yetirilib, ahıllar, uşaqlar və qadınlar diri-diri yandırılıb. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 33 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.
Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi Ağdabanlı şair Qurbanın və klassik aşıq şerinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları yandırılaraq məhv edilib.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib. Bu gün xalqımızın başına gətirilən müsibətlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən dünya ictimaiyyətinə çatdırılır və onlara hüquqi-siyasi qiymət verilir. Millət vəkili, Ağdaban sakini Aqil Məmmədov Kəlbəcərin işğal günlərindən danışaraq qeyd edib ki, rayon əhalisi 1988-1993-cü illərdə tamamilə mühasirə şəraitində yaşayıb. Kəlbəcərin bütün əlaqələri kəsilmişdi, yol, işıq yox idi. Ümidimizi təkcə Laçın yoluna bağlamışdıq. Ağdərə istiqamətindən ermənilərin mütəmadi təzyiqlərinə və hücumlarına məruz qalırdıq. Bunun sübutu olaraq Ağdaban faciəsini xatırlatmaq yerinə düşər. Belə ki, Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən rayonun sonrakı işğalına şərait yaratmaq məqsədilə Ağdaban kəndində törədilmiş soyqırım hadisəsi erməni vəhşiliyinin sərhəd tanımadığını göstərir. 1993-cü il aprelin 2-də erməni hərbi birləşmələri tərəfindən işğala məruz qalan Kəlbəcər də 44 günlük Vətən müharibəsində qazandığımız qələbə ilə öz azadlığına qovuşdu. Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov çıxış edərək bildirdi ki, 1992-ci il aprel ayının 8-də baş verən, Azərbaycan tarixində törədilmiş ən böyük cinayətlərdən, soyqırımlardan və qətliamlardan biridir.Bu həm də Azərbaycan üçün çox mühüm strateji əhəmiyyətli Kəlbəcər rayonunu ələ keçirmək məqsədilə erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq xülyası ilə Azərbaycan xalqına qarşı törətdiyi növbəti dəhşətli soyqırım idi. Qurban Sadıqov həmin dövrdə Kəlbəcər Rayon İcra Hakimyyəti Apartında çalışdığını, işğal edilmiş, yandırılmış kəndi və qətlə yetirilmiş soydaşlarımızı, külliyatı yandırılmış Dədə Şəmşirin evini öz gözləri ilə gördüyünü və bütün bunların Azərbaycan Televiziyası tərəfindən lentə alındığını bildirdi. 1992 ci ilin aprelində erməni hərbi birləşmələrinin Ağdabanda törətdiyi soyqırım hadisəsi təsadüfü seçilməmişdi, onların məqsədi Şuşa, Laçın və Kəlbəcəri işğal etməklə Ermənistanı keçmiş Dağlıq Qarabağa birləşdirmək olduğunu qeyd etdi. Ağdabanı işğal etməklə isə 60 min əhalisi olan Kəlbəcərin Murovun cığır yolu ilə çıxışını bağlamaq, rayon əhalisini qorxutmaqdan ibarət idi. Artıq nisgilimiz, həsrətimiz, ağrı-acılarımız arxada qalıb. Biz 2020 -ci il sentyabrın 27-dən başlayaraq demək olar ki, hər gün qələbə sevinci yaşayırıq. Müzəffər Ali Baş Komandanımızın qələbə müjdələri hər bir Azərbaycanlıya, hər bir keçmiş məcburi köçkünə yerə-göyə sığmayan sevinc, dədə-baba torpaqlarına böyük qayıdışın çox yaxında olduğu günlərin unudulmaz duyğularını yaşadır. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində tariximizə Böyük Qələbə Zəfərini yazıb. Artıq iki ildən çoxdur ki, işğaldan azad olunmuş bütün ərazilərdə bərpa və yenidənqurma işləri çox surətlə davam etdirilir. Artıq Cəbrayıl və Tər-tər rayonlarının işğaldan azad olunmuş kəndlərində çox yüksək aəviyyədə inşa olunmuş yaşayış qəsəbələrinə əvvəlki sakinlərinin köçürülməsi təmin edilir.Çox yaxın gələcəkdə “BÖYÜK QAYIDIŞ” birinci dövlət praqramının icrası başa çatacaq, soydaşlarımız ləyaqətlə geri dönərək öz doğma yurdlarında həyatlarını davam etdirəcəklər. “Azərnəşr”-in baş redaktoru, əməkdar jurnalist Əlövsət Ağalarov çıxış edərək bildirdi ki, Ağdaban faciəsi Xocalı hadisələrindən sonra erməni cəlladlarının hələ də türk, azərbaycanlı qanına doymadığının əyani göstəricisidir. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım əməlləri də tarixin açılmamış səhifələrindən biridir. Tariximizi öyrənmək və onu gənc nəslə öyrətmək bizlərin üzərinə düşən ən böyük məsuliyyətdir. Xocalı cəlladları ilə yanaşı Ağdaban qatillərinin də cəzasını döyüş meydanında aldığını, 44 günlük Vətən müharibəsində düşmənə verilən dərsin onları rəzil vəziyyətə qoyduğunu qeyd edib. Ağdaban faciəsinin şahidlərindən şəhid ailəsi Mütəllim Hüseynov, Nəsimi Səfərov və digər çıxış edənlər bildirdilər ki, mənfur düşmən Kəlbəcəri talaya biləcəyini yoxlamaq üçün Ağdabanda vəhşiliklər törədib. Bu gün artıq biz qalib xalqıq, qalib ölkəyik. Vətən müharibəsində, həm də Ağdaban soyqırımının qurbanlarının qisası alınıb. Şəhid və qazi ailələrinin adından əldə etdiyimiz Zəfərə, onlara göstərilən müntəzəm qayğıya və diqqətə görə Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir