Sentyabr ayının 13-də erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Dövlət Sərhəd Xidmətinə məxsus “N” saylı hərbi hissədə müddətdən artıq xidmət keçən hərbi qulluqçu, baş çavuş, 1990-cı il təvəllüdlü Rəhimov Təbriz Rəhim oğlu ilə vida mərasimi keçirilib. Vida mərasimində Milli Məclis sədrinin I müavini, Milli Məclisin deputatı Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general mayor Aqil Babayev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq mühafizə orqanlarının və idarə müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları, kənd sakinləri iştirak etmişlər.
Şəhid anadan olduğu Yevlax rayonunun Gülövşə kəndində yaylım atəş sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimindən sonra dəfn mərasiminin iştirakçıları Şəhidin yaşadığı evə gələrək, ailə üzvləri ilə görüşmüş, onlara dərin hüznlə baş sağlığı vermişlər. Görüş zamanı qeyd edildi ki, Müzəffər Ali Baş Komandan,Möhtərəm Prezident Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız azad olundu. Torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn Təbriz kimi igid oğullarımız daim Xalqımızın qəlbində yaşayacaq. Şəhidin atası Rəhim Rəhimov “təki Vətən sağ olsun” deyərək oğlu ilə fəxr etdiyini bildirdi.






www.102info.az
