Nəsimi rayonunda yaşayan sakinlər suyun düzgün qrafiklə verilməməsindən şikayətçidirlər.
Bu barədə Oxu.Az-a sakinlər tərəfindən müraciət ünvanlanıb. Söhbət rayonun Asif Məhərrəmov küçəsi 37 ünvanından gedir.
Sakinlər deyir ki, hər gün gecə saat 00:00-da suyu kəsirlər:
“Bu binada xəstəsi, körpəsi olanlar var, üstəlik orucluq ayıdır, camaat sahura durur, baxır ki, su yoxdur. Hər gün “Azərsu” ASC-nin qaynar xəttinə zəng edirik. Gecə saat 2-də, 5-də belə deyirlər ki, qəza yoxdur. Hər dəfə şikayətiniz nəzərə alındı deyirlər, lakin dəyişən heç nə yoxdur. Əksinə gündüzlər də təmir işləri gedir deyib, yalandan suyu kəsirlər. Biz kimə müraciət edək? Gecə saat 00:00-dan səhər saat 06:00-a qədər su problemi yaşayırıq”.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Qurum sözçüsü Oxu.Az-a açıqlamasında bildirdi ki, sözügedən ünvanda və bundan başqa bəzi digər ərazilərdə gecə saatlarında suyun təzyiqinin azalması və ya olmaması 2 səbəblə izah olunur:
“Anbar ehtiyatlarının toplanması və paylayıcı şəbəkədə izafi təzyiqin yaranaraq qəzaya səbəb olmaması üçün gecə bəzi ərazilərdə gecə saat 00:00-dan səhər saat 06:00-ya qədər mərkəzi anbarların çıxış xəttinə verilən suyun həcmi azaldılır, suyun verilişi tamamilə kəsilmir. Sadəcə olaraq gecə saatlarında anbar ehtiyatlarının toplanması üçün verilən suyun miqdarı azaldılır”.
Könül Cəfərli
www.102info.az
