Cəmiyyət üçün göz dağı: Uşaqları “yazıq” deyə-deyə itiririk – ARAŞDIRMA

Cəmiyyət
Spread the love

Uşaq nikahları və yetkinlik yaşına çatmayan şəxslərin intihara cəhdləri bu gün Azərbaycanda aktual problemlərdəndir. Hər iki istiqamət üzrə ölkədə aparılan tədbirlər, aidiyyəti qurumların maarifləndirici tədbirlərinə baxmayaraq, bu hallara hələ də rast gəlinir.

Cəmiyyətdə aparılan müzakirələr zamanı bu məsələnin kökündə dayanan səbəblərə baxılmadığı iddia edilir. Sosial şəbəkə istifadəçiləri bu hallarda valideyn laqeydliyini irəli sürürlər.

Bəs görəsən, doğrudanmı bütün hallarda səbəb valideyn səhlənkarlığıdır?

Yoxsa yetkinlik yaş dövründə yaranan depressiv vəziyyət, psixoloji durum onları buna sövq edir?

Oxu.Az-ın əməkdaşı bu və digər suallara cavab axtarmağa çalışıb.

Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin müdiri Elgün Səfərov deyib ki, yetkinlik yaşına çatmayanların intiharları və uşaq nikahlarının aradan qaldırılması aktual problemlərdən biridir:

“Azərbaycanda son illərdə yetkinlik yaşına çatmayan şəxslərin intihar etmələrinə dair, təəssüf ki, faktlar var. Regionda, qonşularımız da daxil, dünya ölkələri arasında intihar hallarına görə ən aşağı statistikaya malik olan ölkələrdən biri Azərbaycandır. Lakin buna baxmayaraq, belə faktlar, təəssüf ki, qalmaqdadır.

Qeyd edim ki, 2017-ci ildə yetkinlik yaşına çatmayan şəxslər arasında özünü öldürən və özünü öldürməyə cəhd edənlərlə bağlı 66 fakt qeydə alınıb. 2018-ci ildə 81, 2019-cu ildə 71 fakt, 2020-ci ildə isə 65 belə fakt olub. Müqayisəli şəkildə baxsaq, faktların sayında azalmanı müşahidə etmək mümkündür.

Bu bizim üçün çox aktual məsələdir, müvafiq normalar çərçivəsində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər həyata keçirilir. Ümumiyyətlə, dövlət qurumları və Komitə tərəfindən müvafiq araşdırmalar, təhlillər aparılır. Baş verən faktlar araşdırılır. Bilmək lazımdır ki, onlar intihar həddinə hansı səbəbdən çatırlar – ailə üzvlərinin təsirindənmi, təhsil ocaqlarında bal toplaya bilmədikləri səbəbindən bəzi təzyiqlərə məruz qaldıqları üçünmü, yoxsa narkomaniya, ailədə olan məişət zorakılıqlarının təsirindənmi?

Bütün bunların aradan qaldırılması üçün risk altında olan ailələr mütləq müəyyənləşdirilir. Onlarla müvafiq qaydada psixoloji, hüquqi işlər aparılır. Təəssüf ki, intihar və intihara cəhd hadisələrinin bir çoxu zamanında Komitəyə müraciət edilməyən faktlardır. Məhz buna görə biz davamlı olaraq bu istiqamətdə tədbirlərimizi aparırıq. Yenə də qeyd edim ki, bu göstəricilər Azərbaycan əhalisinin faiz dərəcəsi ilə müqayisə edildikdə dünya üzrə intihar hadisələrinə görə ölkəmiz təxminən 174-cü yeri tutur”.

“Azərbaycan Respublikası BMT-nin Uşaq hüquqları haqqında Konvensiyanın və Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair Konvensiyanı ratifikasiya etmiş ölkədir. Bu səbəbdən Azərbaycanda cinsi ayrı-seçkiliyin, uşaqlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı ciddi tədbirlər həyata keçirir. Ölkədə “Məişət zorakılığının qarşısının alınması”, “Uşaq Hüquqlarının Müdafiəsi” ilə bağlı fəaliyyət planları qəbul edilib. Bu sənədlər çox vacibdir”, – deyə Elgün Səfərov qeyd edib.

Psixoloqlar uşaq intiharlarının sayının artmasını psixoloji gərginlik, stres, uşaqların xüsusi ideologiyaya meyillənmələri ilə əlaqələndirirlər. Bir qrup ekspert hesab edir ki, intihar edən uşaqlar əsasən uğursuz ailələrdən çıxanlar, zorakılığa məruz qalanlardır.

Diqqət çəkmək xatirinə ölümü gözə almaq…

Doğrudanmı uşaqlar ölümün nə olduğunun fərqində deyillər? Bu gün cəmiyyətimizdə onların fikirləri o qədər dinlənilmir ki, eşidilmək üçün ölümü gözə alırlar?

Psixoloq Fərqanə Mehmanqızı deyir ki, intiharlar mənəvi aclığın gətirdiyi dəhşətdir:

“Mənəvi aclığın yaratdığı daxili və xarici aclıq, depressiya, panik atak, fobiyalar, xroniki depressiya intiharlara gətirib çıxarır. Bəzən yetkinlik yaşına çatmayanların və ya yeniyetmələrin intiharlarını universitetə daxil ola bilməmək, cəmiyyətin onlara qarşı təzyiqləri ilə əlaqələndirirlər. Bu, səbəb deyil, mən deyərdim ki, bu artıq nəticədir. Səbəb daha dərinlərdə yatır: Ailədaxili münasibətlərdə problemlər, dinlənilməmək, eşidilməmək, onlara duyğularını, fikirlərini ifadə etmələrinə şərait yaradılmamasıdır. Səbəb natamamlıq kompleksi və empati bacarıqlarının aşağı olmasıdır. Cəmiyyət olaraq övladlarımıza çox aqressiv yanaşırıq. Bununla da gələcəkdə övladlarımızın bizə qarşı aqressiv yanaşmaları üçün təməl qoyuruq.

Ailə və cəmiyyətdə özünü şəxsiyyət kimi təsdiq edə bilməyənlərdə natamamlıq kompleksi yaranır ki, bu da depressiyaya aparır. Beyinlərində “Mən heç kimə gərək deyiləm”, “mən olmasam da, heç nə dəyişməz” kimi fikirlər yaradır və özlərini buna inandırırlar. Nəticədə intiharı çıxış yolu kimi görüb ölümə doğru getməyi seçirlər. Ətrafdakı insanlara gözdağı vermək, problemin sonunu ölümdə görmək – travmanın nəticəsidir. Uşaq ailəsi tərəfindən sevilməlidir, sahiblənilməlidir, hörmətlə qarşılanmalarıdır. Bu kimi nüanslara diqqət edildiyində heç bir fərd intihara cəhd etməz. Lakin bunun əksini görəndə onlar çıxış yolu kimi ölümü seçirlər”.

Psixoloq sosial şəbəkələrdə intihar edən və intihara cəhd edən şəxslər barəsində “yazıq” ifadəsinin işlədilməsinin əleyhinə olduğunu deyib:

“Sosial şəbəkələrin də bu məsələdə müəyyən mənada təsiri var. Çünki orada intihar edənləri “yazıq” adlandırmaqla bir növ onları şüuraltı qəhrəman kimi qələmə vermiş olurlar. Onlar da bunu oxuyur və həyatda özlərini təsdiq edə bilmədikləri üçün ən azından intihar edərək cəmiyyətdə “qəhrəman” obrazında olmağa cəhd edirlər”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir