“2023-cü il mayın 10-da Ulu Öndər Heydər Əliyevin 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq cənab Prezident İlham Əliyev keçən ilin sonlarında dövlət səviyyəsində sərəncam imzaladı və 2023-cü il “Heydər Əliyev ili” adlandırıldı. Belə bir sərəncamın imzalanması hər bir Azərbaycan vətəndaşı üçün sevindirici hadisə oldu. Bu isə Ulu Öndərin xalq və dövlətimiz üçün gördüyü işlərdən, cəfakarlığı, qayğıkeşliyindən irəli gəlir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev müasir Azərbaycan Respublikasının banisi adlandırılıb: “İstər sovetlər dövründə, istərsə də müstəqilliyimizi qazandıqdan sonra onun fəaliyyəti xalqın gözü önündə olub. Hətta sovetlər dövründə Heydər Əliyevin rəhbərliyə gəlişi zamanı Azərbaycan SSRİ tərkibinə daxil olan dövlətlərin içində ən geridə qalmış kənd təsərrüfatı ölkəsi kimi tanınırdı. Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycan artıq sənaye ölkəsinə çevrildi, sənaye müəssisələri tikildi. Eyni zamanda, kənd təsərrüfatı yüksək səviyyədə inkişaf etdirildi, iş yerləri artdı və əhalinin rifahı yaxşılaşdırıldı. O vaxtlar hərbi məktəblərin açılması məsələsi də çox çətin idi. Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması da Heydər Əliyevin fəaliyyətlərindən biridir. Elə ilk günlərdən etibarən o, xalqımızın gələcəyini düşünərək bu işləri həyata keçirib”.
Deputat sözlərinə davam edərək bildirib ki, o dövrdən başlayaraq gənclərimizin xaricdə təhsil almasına böyük təkan verildi: “Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili elan olunması unudulmaz hadisə idi. Bütün bu xidmətləri xalq görüb və hər zaman dəyərləndirib.
Moskva dövründəki fəaliyyətinə də nəzər salsaq görərik ki, Heydər Əliyev ən böyük nüfuza sahib olan rəhbərlərdən biri olub. Həmin dövrdə belə heç vaxt Azərbaycanı unutmayıb. Dövlətimizin inkişafı, gənclərimizin gələcəyi üçün bütün lazım olan tədbirləri həyata keçirib.
Nəhayət, Azərbaycan ikinci dəfə müstəqil dövlətə çevrildikdən sonra Ulu Öndərin 1993-cü ildə hakimiyyətə gəlişi dövlətimizi parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi, atəşkəs elan olundu və Əsrin müqaviləsi imzalandı. Onun sayəsində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı. O vaxtlar, müharibənin sülh yolu ilə həll olunması istiqamətində Heydər Əliyevin misilsiz xidmətləri olub. Təəssüf ki, qarşı tərəf bunu dəyərləndirə bilmədi və həmişə bu danışıqlardan boyun qaçırdı. Hesab edirəm ki, əgər Ulu Öndər ikinci dəfə hakimiyyətə gəlməsəydi, hazırda regionda və dünyada böyük nüfuza malik Azərbaycan dövlətinin varlığından danışmağa dəyməzdi. Çünki elə bir məqam yetişmişdi ki, Azərbaycan parçalanma ərəfəsindəydi. Ölkə iqtisadiyyatı sıfıra enmiş, insanların yaşayışı ağırlaşmışdı. Onun hakimiyyətə qayıdışı müstəqilliyimizin itirilməsi təhlükəsini aradan qaldırdı və xalqda ruh yüksəkliyi yaratdı.
Bununla yanaşı, Heydər Əliyev xarici siyasətin normal şəkildə qurulmasında da bir sıra addımlar atdı. Bütün bu məsələlər planlı şəkildə, uzaqgörən siyasətin nəticəsində uğurla həyata keçirildi. Qısa zaman kəsiyində dünya dövlətləri tərəfindən ərazi bütövlüyümüz tanınmağa başladı.
Ulu Öndərin ən böyük xidmətlərindən biri özündən sonrakı vəziyyəti fikirləşərək xalqımızın başında Heydər Əliyev məktəbində böyük təcrübə qazanmış Prezidenti qoyub getməyi oldu. Cənab Prezident İlham Əliyevin Ulu Öndər siyasətinə sadiq qalması, onu yeni bir müstəvidə inkişaf etdirməsi, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın geri qaytarılması xalqımızda “Heydər Əliyev ili”ni yaddaqalan etmək üçün həvəs yaradır.
Nə qədər Azərbaycan var, hər zaman ilk olaraq Heydər Əliyev yada düşür və nə qədər ki bu xalq var o da bizimlə birgə yaşayacaq”.
Müəllif: Ləman Əlizadə
www.102info.az
