Quba rayonunun Ağbil kənd tam orta məktəbində şagirdlərlə maarifləndirici görüş təşkil olunub. Görüşdə Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev çıxış edərək narkomaniyanın insan sağlamlığına və cəmiyyətə vurduğu ciddi zərərlərdən, bu asılılığın gənclərin gələcəyini necə məhv etməsindən danışıb.
Polis rəisi çıxışında erkən nikahın yaratdığı sosial və hüquqi problemlərə də toxunaraq, bu cür halların qarşısının alınmasının vacibliyini vurğulayıb. O, şagirdləri sağlam həyat tərzinə üstünlük verməyə, qanunlara hörmətlə yanaşmağa və düzgün seçim etməyə çağırıb.
Eyni zamanda Mehman Əliyev Polis Akademiyasında təhsil imkanları, qəbul qaydaları və polis peşəsinin cəmiyyətdəki rolu barədə ətraflı məlumat verərək, bu sahəyə marağı olan gənclərə tövsiyələrini çatdırıb. Görüş şagirdlərin suallarının cavablandırılması ilə davam edib.

102info.az
