Sabunçu Rayon Polis İdarəsi paytaxtın ən geniş və strateji ərazilərindən birində fəaliyyət göstərərək, ictimai asayişin qorunması, cinayətkarlıqla və xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə mühüm işlər həyata keçirir. Son illərdə idarə rəhbərliyinin və əməkdaşlarının həyata keçirdiyi ardıcıl əməliyyatlar Sabunçuda təhlükəsizlik mühitinin möhkəmlənməsinə, vətəndaşların polisə olan etimadının artmasına ciddi təsir göstərib.
Sabunçu RPİ-nin Narkotiklərlə Mübarizə Qrupu mütəmadi olaraq həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yüzlərlə kiloqram müxtəlif növ narkotik vasitəni dövriyyədən çıxarıb. Rayonun Balaxanı, Zabrat, Bakıxanov və Maştağa qəsəbələrində keçirilən reydlər zamanı narkotiklərin satışı, daşınması və gizlədilməsi ilə məşğul olan şəxslər saxlanılıb.
Əməliyyatların nəticəsində əldə edilən məlumatlar göstərir ki, idarə əməkdaşları təkcə satış və saxlama hallarını deyil, həm də narkotiklərin qanunsuz tədarükü və bölgüsü ilə məşğul olan qrupların ifşa olunması istiqamətində sistemli tədbirlər həyata keçirirlər. Bu məqsədlə digər rayon polis orqanları ilə birgə koordinasiyalı fəaliyyət də gücləndirilib.
Son aylarda Sabunçu Rayon Polis İdarəsi tərəfindən oğurluq, soyğunçuluq, dələduzluq və digər cinayətlərin açılması istiqamətində yüksək nəticələr əldə olunub. Təkcə bu ilin ilk 9 ayında idarənin əməkdaşları tərəfindən onlarla ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib.
Cinayətlərin qarşısının alınmasında qabaqlayıcı tədbirlərin gücləndirilməsi, vətəndaşlarla maarifləndirici görüşlərin keçirilməsi və “təhlükəsiz məhəllə” prinsipi ilə reydlərin təşkili mühüm rol oynayıb. Rayon ərazisində yerləşən məktəblərdə, gənclər evlərində və ictimai yerlərdə keçirilən görüşlərdə narkomaniyanın fəsadları və qanunsuz əməllərin hüquqi məsuliyyəti barədə ətraflı məlumat verilib.
Sabunçu RPİ rəhbərliyi və bütün əməkdaşlar öz fəaliyyətlərində vətəndaş məmnunluğunu, insan hüquqlarının qorunmasını və dövlətin qanunvericiliyinə tam riayət edilməsini əsas prinsip kimi qəbul ediblər.
İdarə əməkdaşları arasında peşəkar hazırlığı, operativliyi və prinsipiallığı ilə seçilən zabitlər cəmiyyət tərəfindən də hörmətlə qarşılanır. Onların məqsədi təkcə cinayəti açmaq deyil, həm də belə halların qarşısını almaq, gəncləri sağlam həyata yönəltməkdir.
Sabunçu rayonunda ictimai təhlükəsizliyin təminində və cinayətkarlığa qarşı mübarizədə sakinlərin fəallığı da xüsusi qeyd edilməlidir. Rayon sakinləri polis əməkdaşları ilə sıx əməkdaşlıq edərək, şübhəli hallarla bağlı məlumatların operativ ötürülməsində, profilaktik tədbirlərin səmərəliliyinin artmasında mühüm rol oynayırlar.
Bu birgə fəaliyyət nəticəsində Sabunçu rayonu getdikcə daha təhlükəsiz, daha sabit bir yaşayış məkanına çevrilir.
Sabunçu Rayon Polis İdarəsinin son dövrlərdə həyata keçirdiyi tədbirlər, aparılan əməliyyatlar və ictimai maarifləndirmə işləri göstərir ki, cinayətkarlığa və narkotiklərlə mübarizədə sistemli, qətiyyətli və dövlətə sədaqətli bir yanaşma formalaşıb. Bu istiqamətdə görülən işlər gələcəkdə də vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, asayişin qorunmasına və gənc nəslin sağlam ruhda böyüməsinə xidmət edəcək.

Süleymanov Natiq
102-ci qəzetin əməkdaşı
102info.az
