Qəhrəmanlıq zirvəsinə yüksələn ömür: Əliyar Əliyev

Qəhraman vətən oğlulları

Azərbaycanın Milli Qəhrəmanı – Əliyar Əliyev.

Azərbaycan tarixində qəhrəmanlıq nümunələri çoxdur. Bu torpaq saysız-hesabsız igidlər yetişdirib. Həmin qəhrəmanlardan biri də Əliyar Əliyevdir – Azərbaycanın Milli Qəhrəmanı. O, yalnız bir döyüşçü deyil, həm də görkəmli idmançı, pedaqoq və vətənsevər bir insan idi. Onun həyat yolu igidlik, zəhmətkeşlik və fədakarlıq nümunəsi kimi gənclərə örnəkdir.

Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində sadə bir ailədə dünyaya göz açmışdı. Hələ uşaqlıq illərindən çalışqanlığı və çevikliyi ilə seçilən Əliyar, məktəbdə oxuduğu vaxtlardan idmana böyük maraq göstərirdi. Onun həyatı daim məqsədyönlü addımlarla irəliləyirdi.

İdmançı və pedaqoq Əliyar Əliyev
1975-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olan Əliyar Əliyev, burada böyük zəhmət göstərərək, 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirdi. Təhsilini başa vurduqdan sonra doğma elinə dönərək Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi kimi fəaliyyətə başladı. O, həm müəllim, həm də məşqçi kimi yüzlərlə gəncin həyatına istiqamət verdi.

Əliyar Əliyev sadəcə pedaqoq yox, həm də tanınmış idmançı idi. Klassik güləş üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olmuşdu. Onun yetişdirdiyi şagirdlər arasında respublika və SSRİ çempionları vardı, hətta bir nəfər Olimpiya yığmasında iştirak edirdi. Bu fakt özü göstərir ki, Əliyar Əliyev həm istedadlı idmançı, həm də peşəkar məşqçi kimi iz qoymuşdu.

1980–1982-ci illərdə hərbi xidmətini keçən Əliyar Əliyev, vətənin müdafiəsinin nə qədər şərəfli və məsuliyyətli iş olduğunu yaxşı bilirdi. 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz onun da həyat yolunu dəyişdi. O, tərəddüd etmədən silaha sarıldı və cəbhəyə könüllü yollanan ilk igidlərdən oldu.

Tezliklə öz təşkilatçılıq bacarığı, dəmir iradəsi və döyüşkənliyi ilə seçilərək tabor komandiri təyin edildi. Əliyar Əliyevin rəhbərlik etdiyi dəstələr düşmənə dəfələrlə ağır zərbələr endirdi. Onun adı cəbhə bölgələrində igidlik simvoluna çevrilmişdi.

Ən ağır döyüşlərdən biri
1992-ci ilin payızında Əliyar Əliyev 40 könüllü döyüşçü ilə birlikdə Laçının kəndlərinin müdafiəsində mühüm rol oynadı. Onların dörd gün ərzində göstərdikləri qəhrəmanlıq nəticəsində işğal altındakı kəndlərin geri alınmasında böyük uğurlar qazanıldı.

Lakin qəhrəmanın ömür yolu çox uzun olmadı. 1992-ci il oktyabrın 3-də Laçının 2 kilometrliyində yerləşən “Tikanlı zəmi” yüksəkliyi uğrunda gedən döyüşdə Əliyar Əliyev son nəfəsinə qədər vuruşaraq qəhrəmancasına şəhid oldu. Onun şəhadəti yalnız ailəsi və doğmaları üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük itki idi.

Əbədiyyətə qovuşan qəhrəman
Əliyar Əliyev doğma kəndi Qəzyanda dəfn edildi. Onun qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirildi – Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüldü.

Əliyar Əliyevin ruhuna sədaqət andı içənlərdən biri də onun tələbəsi, bu gün general-mayor rütbəsi daşıyan Mais Bərxudarov idi. O, müəlliminin ruhu qarşısında söz vermişdi ki, bir gün üçrəngli Azərbaycan bayrağını Qubadlıya sancacaq. Bu söz 27 il sonra gerçəkləşdi – 2020-ci ilin 25 oktyabrında Qubadlı işğaldan azad edildi və o müqəddəs bayraq dalğalandı.

Qubadlı azad olunduqdan sonra Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə və daxili imkanlar hesabına Milli Qəhrəman Əliyar Əliyevin qəbirüstü abidəsi bərpa edildi. Bu, xalqımızın qəhrəman oğluna olan ehtiramının bariz nümunəsidir.

Əliyar Əliyevin ömür yolu – sadə kənd uşağından idman çempionuna, müəllimdən qəhrəmana qədər uzanan bu hekayə – gənc nəsil üçün əsl məktəbdir. Onun adı Azərbaycan tarixində əbədi yaşayacaq, qəhrəmanlığı heç vaxt unudulmayacaq.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir