Nəsimi rayon polisi cinayətkarlıq və narkomaniyaya qarşı mübarizədə ön sıralarda

Azərbaycan Polisi

Nəsimi rayon polisi cinayətkarlıq və narkomaniyaya qarşı mübarizədə ön sıralarda.

Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları paytaxtın mərkəzi hissəsində ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlərdə daim ön sıralarda yer alır.

2025-ci ilin ötən ayları ərzində idarə əməkdaşları tərəfindən narkotiklə bağlı 180-dən çox cinayət faktı aşkarlanıb. Bu əməliyyatlar zamanı 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, onlarla şəxs saxlanılıb və barələrində cinayət işi açılıb.

Nəsimi RPİ-nin keçirdiyi son əməliyyatlardan biri rayonun M.Əliyev küçəsində həyata keçirilib. Əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb və onlardan külli miqdarda heroin, metamfetamin və həblər aşkar edilərək götürülüb.

İdarə rəhbərliyinin sözlərinə görə, məqsəd yalnız cinayətkarların ifşası deyil, həm də gənclərin narkomaniyanın fəsadları barədə maarifləndirilməsidir. Bu istiqamətdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən məktəblərdə və ali təhsil müəssisələrində 30-dan çox görüş və seminar təşkil edilib, yüzlərlə gəncə narkotik vasitələrin fəsadlarını əks etdirən təqdimatlar nümayiş etdirilib.

Cinayətkarlığın digər növlərinə qarşı mübarizə də uğurla davam etdirilir. 2025-ci ilin əvvəlindən bu günədək rayon ərazisində qeydə alınan 130-a yaxın oğurluq, 40 dələduzluq və 25 soyğunçuluq faktı qısa müddətdə açılıb. Əməliyyat tədbirlərində çeviklik, operativ məlumat toplama və vətəndaşların müraciətlərinə dərhal reaksiya verilməsi Nəsimi polisi üçün əsas prinsiplərdən biridir.

İdarə rəisi bildirib ki, “Nəsimi Rayon Polis İdarəsinin bütün əməkdaşları dövlətin və xalqın etimadını doğrultmaq üçün gecə-gündüz xidmət başındadır. Bizim işimiz yalnız bu günü deyil, gələcək nəsillərin təhlükəsizliyini təmin etməkdir.”

Fəaliyyətində həm operativlik, həm də vətəndaş məmnuniyyəti prioritet olan Nəsimi RPİ, paytaxtın mərkəzində cinayətkarlığa qarşı mübarizədə nümunəvi iş üsulu ilə seçilir.

Mətləb Kazımov

“Qızıl Qələm” mükafatı laureatı

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir