Abşeron rayonu Xırdalan şəhərində gecə saatlarında ictimai asayişin pozulması, vətəndaşların istirahət hüququnun tapdanması ilə bağlı daxil olan şikayətlər əsasında polis əməkdaşları tərəfindən kompleks tədbirlər həyata keçirilib.
Keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, yüksək səslə küçə və prospektlərdə hərəkət edərək sakinlərin haqlı narazılığına səbəb olan 10 motosiklet sürücüsü saxlanılıb. Daxili İşlər Nazirliyindən 102info.az-a verilən məlumata görə, texniki baxış zamanı həmin nəqliyyat vasitələrinin bir çoxunun səsboğucularına sürücülər tərəfindən qəsdən müdaxilə edildiyi müəyyən olunub.
Bundan əlavə, avtomobillərdə konstruksiya dəyişikliyi edən 12, sərxoş vəziyyətdə sükan arxasına əyləşən 2 və sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 4 şəxs barəsində də inzibati tədbirlər görülüb.
Polis əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı məişət səs-küyü ilə bağlı 14, tullantıların urnalardan kənara atılması üzrə 6 və digər müxtəlif hüquqpozmalarla bağlı 12 fakt da aşkarlanıb. Qeyd olunan inzibati xətalara görə məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb, bəziləri barəsində xəbərdarlıq, digərləri barədə isə cərimə tətbiq olunub.
Qeyd edək ki, Xırdalan şəhərində ictimai qaydanın qorunması, sakinlərin rahatlığının təmin edilməsi məqsədilə bu cür tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
102info.az
