1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Baş səhifə

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyada uşaqlara diqqət və qayğının rəmzi kimi qeyd olunan ən əlamətdar tarixlərdən biridir. Bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə təsdiqlənib. Həmin il keçirilən “Qadınların Beynəlxalq Konfransı”nda uşaqların hüquqlarının müdafiəsi və rifahı ilə bağlı mühüm təkliflər səsləndirilmiş, nəticə etibarilə 1 iyun tarixi uşaqlara həsr edilmişdir.

Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da xüsusi təntənə ilə qeyd olunur. Çünki uşaqlar xalqımızın gələcəyidir, dövlətimizin sabahıdır. Onların sağlam, savadlı, vətənpərvər və hərtərəfli inkişaf etmiş bir fərd kimi formalaşması, həm ailənin, həm də cəmiyyətin və dövlətin əsas prioritetlərindəndir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq hüquqlarının qorunmasını, onların sağlam və firavan böyüməsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Məhz bu məqsədlə 2009-cu il ölkəmizdə “Uşaq ili” elan olunub və bu istiqamətdə genişmiqyaslı layihə və proqramlar həyata keçirilib.

Uşaqlarla bağlı dövlət siyasətinin təməlini isə Ulu Öndər Heydər Əliyev qoyub. Onun təşəbbüsü və rəhbərliyi ilə 1990-cı illərdə mühüm qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul olunmuş, uşaqların hüquqlarını təmin edən normativ hüquqi baza formalaşdırılmışdır. Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulmuşdur. 1999-cu ildə isə ölkəmizdə bu Konvensiyanın müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib. Bu sənədlər əsasında uşaqların hüquqlarının müdafiəsi, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi istiqamətində mühüm addımlar atılıb.

Uşaq siyasəti bu gün də ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xüsusilə valideyn himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan, eləcə də qaçqın və məcburi köçkün uşaqlara böyük diqqət və sevgi göstərilir. Hər il Gülüstan sarayında keçirilən bayram tədbirləri, uşaqlarla qurulan səmimi münasibət, onların sevinci və təbəssümü cəmiyyətimizdə uşaq amilinə olan həssas münasibətin bariz nümunəsidir. Bu tədbirlər uşaqların yaddaşında silinməz xatirəyə çevrilir və gələcəyə inamlarını artırır.

Əlbəttə, bu müqəddəs gündə ilk növbədə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz övladlarını, cəsur qazilərimizin fədakar balalarını dərin hörmət və ehtiramla yad edərək təbrik edirik. Onlar bizim üçün müqəddəs əmanətlərdir. Onların hər bir arzusu, hər bir gülüşü bizə bir vəzifədir – onları qorumaq, himayə etmək, xoşbəxt və firavan gələcək qurmaq üçün çalışmaq.

Bu əlamətdar gündə bütün balalarımıza sevgi dolu həyat, sağlamlıq, bilik, sevinc və səadət arzulayırıq. Qoy heç bir uşaq ac qalmasın, kimsəsiz qalmasın, gözü yolda olmasın! Qoy hər bir uşaq layiqli qayğı, təhsil və sevgi ilə əhatələnsin! Uşaqlar bizim sabahımızdır, gələcəyimizdir, millətimizin ümididir!

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün körpələri, məktəbliləri və gənc fidanlarımızı təbrik edirik! Bayramınız mübarək, əziz balalar!

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir