Ümummilli Lider Heydər Əliyev – Zamanı və Məkanı Aşan Dahi Şəxsiyyət

Baş səhifə

Bu gün – 10 may 2025-ci il tarixində, bütün türk dünyasının iftixarı, dünyaşöhrətli siyasi lider, Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasından 102 il ötür. Tarixdə elə nadir şəxsiyyətlər var ki, zaman keçdikcə onların böyüklüyü daha aydın görünür, xidmətləri daha dərindən dərk olunur. Heydər Əliyev məhz belə şəxsiyyətlərdən biri, bəlkə də birincisidir.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da qədim və mədəniyyət beşiyi olan Naxçıvan şəhərində dünyaya gəlib. Uşaqlıq və gənclik illərini çətinliklər içərisində keçirməsinə baxmayaraq, əzmkarlığı, intellekti və liderlik qabiliyyəti onu erkən yaşlardan önə çıxarmışdır.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirən gənc Heydər Əliyev Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması səbəbindən təhsilini yarımçıq qoyaraq dövlət xidmətinə keçmişdir. Onun ilk addımları Naxçıvan MSSR-də müxtəlif dövlət vəzifələrində atılmışdır. 1944-cü ildə təhlükəsizlik orqanlarına göndərilməsi isə onun peşəkar həyatında yeni bir mərhələnin başlanğıcı oldu.

1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsində (DTK) sürətli yüksəlişə nail olan Heydər Əliyev, 1967-ci ildə Azərbaycan SSR DTK-nın sədri vəzifəsinə təyin edildi və general-mayor hərbi rütbəsi aldı. Onun bu sahədəki fəaliyyəti peşəkarlığı, prinsipiallığı və dövlətə sədaqəti ilə seçilirdi.

1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Heydər Əliyevin siyasi fəaliyyəti geniş vüsət aldı. Onun rəhbərliyi dövründə Azərbaycan SSR iqtisadi və mədəni baxımdan sürətlə inkişaf etdi, yeni müəssisələr, məktəblər, institutlar, mədəniyyət ocaqları yaradıldı. Gənclərin təhsil alması üçün imkanlar genişləndi, sənaye və kənd təsərrüfatında keyfiyyətli dəyişikliklər baş verdi.

1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunaraq o, sovet imperiyasının ən yüksək rəhbər orqanlarında çalışdı. Bu, təkcə Heydər Əliyevin deyil, Azərbaycan xalqının da siyasi nüfuzunun göstəricisi idi. Lakin 1987-ci ildə ölkədəki ədalətsiz siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verməsi onun prinsipial və milli maraqlara sadiq siyasətçi olduğunu bir daha sübut etdi.

1990-cı il 20 Yanvar faciəsindən dərhal sonra Moskvada Azərbaycanın nümayəndəliyində verdiyi cəsarətli bəyanat tarixə qızıl hərflərlə yazıldı. 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyasını tərk etməsi isə onun milli ideallar uğrunda hər cür riskə getməyə hazır olduğunu göstərdi.

1990-cı ildə doğma Naxçıvana qayıdan Heydər Əliyev burada xalqın böyük dəstəyi ilə siyasi fəaliyyətini davam etdirdi. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi və faktiki olaraq bölgədə sabitliyin qorunmasında, dövlətçiliyin təməl prinsiplərinin saxlanılmasında mühüm rol oynadı. 1992-ci ildə isə Yeni Azərbaycan Partiyasının yaradılmasına və bu partiyanın lideri seçilməsinə nail oldu.

1993-cü ildə ölkənin ağır siyasi böhran və vətəndaş qarşıdurması ilə üzləşdiyi bir dövrdə xalqın çağırışı ilə Bakıya dəvət edilən Heydər Əliyev, 15 iyunda Ali Sovetin sədri seçildi. 24 iyunda isə Prezident səlahiyyətlərinin icrasına başladı. Elə həmin ilin oktyabrında keçirilmiş ümumxalq seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun hakimiyyəti dövründə ölkədə sabitlik təmin edildi, beynəlxalq əlaqələr quruldu, iqtisadi islahatlara start verildi, neft strategiyası həyata keçirildi və dövlətçiliyin təməlləri möhkəmləndirildi.

1998-ci ildə keçirilən prezident seçkilərində xalqın böyük dəstəyi ilə yenidən Prezident seçilən Heydər Əliyev Azərbaycanın dünya arenasında nüfuzunun artmasına nail oldu. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz regionda və dünyada mühüm tərəfdaş kimi qəbul edildi.

Səhhətində yaranan problemlərə görə 2003-cü ildə prezidentliyə namizədliyini irəli sürməsə də, Azərbaycan xalqı onun yolunu İlham Əliyevin liderliyi ilə davam etdirdi.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də ABŞ-da müalicə aldığı klinikada vəfat etdi. Onun vəfatı bütün xalq üçün böyük bir itki olsa da, qoyub getdiyi irs bu gün də yaşayır, inkişaf edir və gələcək nəsillərə örnək olur.

Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının yaddaşına həkk olunmuş nadir şəxsiyyətlərdəndir. Onun siyasi irsi, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideologiyası bu gün də yolumuzu işıqlandırır.

Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı sərəncamla 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması, bu dahi şəxsiyyətin əziz xatirəsinə göstərilən ən yüksək ehtiramın ifadəsidir.

Heydər Əliyev ömrünü xalqına həsr etmiş, xalqının taleyini öz taleyindən üstün tutmuş bir lider idi. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri bu xalqın əbədi hafizəsində yaşayacaqdır.

Könül Nəbizadə

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (AJB)

“Qızıl qələm” mükafatı laureatı

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir