Qusar Rayon Polis Şöbəsinin əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışırlar. Rayon ərazisində müşahidə olunan intensiv qar və şaxtalı hava şəraiti ilə bağlı polis əməkdaşları hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün səfərbər edilib.
Qarlı və buzlu yollar sürücülər və piyadalar üçün təhlükə yaratdığından, Qusar polisi yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə nəzarəti artırıb. Polis əməkdaşları yollarda sürüşmə ehtimalının yüksək olduğu ərazilərdə xidmət aparır, sürücülərə ehtiyatlı olmaları barədə xəbərdarlıq edir və çətin vəziyyətdə qalan nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün lazımi köməklik göstərirlər.
Bundan əlavə, polis əməkdaşları şəhər və kənd yollarında patrul xidmətini gücləndirərək vətəndaşlarla maarifləndirici söhbətlər aparır, onlara təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edirlər. Hava şəraiti ilə bağlı yaranan fövqəladə halların qarşısını almaq üçün aidiyyəti qurumlarla koordinasiyalı şəkildə fəaliyyət göstərilir.
Qusar Rayon Polis Şöbəsi vətəndaşlara müraciət edərək qarlı və buzlu hava şəraitində mümkün qədər ehtiyatlı olmalarını, yol hərəkəti qaydalarına ciddi riayət etmələrini və hər hansı fövqəladə hal baş verdikdə dərhal polisə və müvafiq qurumlara məlumat vermələrini tövsiyə edir. Təhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.






102info.az
