
Azərbaycanın Milli Qəhramanı Hökümə Əliyevanın qırx mərasimi ilə bağlı onun məzarı ziyarət olunub. Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər. Onlar Hökümə Əliyevanın məzarı önünə gül dəstələri düzüb, onun ruhuna dualar ediblər.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysi ilə uçuş həyata keçirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Hökümə Əliyeva həmin reysdə stüardessa kimi çalışırdı. Hadisə zamanı o, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün son ana qədər fədakarlıq göstərib və qəza zamanı bir neçə nəfərin həyatını xilas edərək qəhrəmanlıq nümayiş etdirib. Təəssüf ki, özü faciədən sağ çıxa bilməyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Əliyeva Hökümə Cəlil qızı ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Bu, onun cəsarəti, insanpərvərliyi və vətənpərvərliyinin ən yüksək dövlət səviyyəsində qiymətləndirilməsinin təzahürüdür.
Hökümə Əliyevanın əziz xatirəsi xalqımız tərəfindən daim yad ediləcək. Onun şücaəti gələcək nəsillərə örnək olacaq. Kəlbəcər rayonunda onun adının əbədiləşdirilməsi üçün bir sıra tədbirlər nəzərdə tutulub. Yerli ictimaiyyət nümayəndələri onun adının bir küçəyə, məktəbə və ya digər təhsil müəssisəsinə verilməsi təkliflərini irəli sürüblər.
Bu faciəvi hadisə həm də hava nəqliyyatında təhlükəsizlik məsələlərinin daha da təkmilləşdirilməsinin vacibliyini bir daha gündəmə gətirib. Dövlət qurumları və aidiyyəti təşkilatlar bu istiqamətdə işləri davam etdirirlər.
Azərbaycan xalqı öz qəhrəman övladlarını heç vaxt unutmur və onların göstərdiyi şücaət əbədi yaşayır!























102info.az
