General-polkovnik Bəylər Eyyubovun Vətənə sədaqətli xidmət nümunəsi – Azərbaycanın “samuray kodeksi”

Baş səhifə secilmis

General-polkovnik Bəylər Eyyubovun Vətənə sədaqətli xidmət nümunəsi – Azərbaycanın “samuray kodeksi”


Sədaqət nümunəsi göstərmək lazım gələndə çox vaxt samuraylar yada düşür. Amma samuray xislətli insanlara təkcə orta əsr Yaponiyasında deyil, elə dövrümüzdə də müasirlərimiz arasında da rast gəlinir. Bu nadir şəxsiyyətlərin daşıdıqları vəzifələr, işlərinin, xidmətlərinin spesifik xüsusiyyətləri o qədər konfidensial xaratkter daşıyır ki, çox vaxt onlarıə görmürük.
Samuray dünyagörüşünə görə ölümə, qorxu və ağrıya biganəliyi, övladların itaəti və öz hökmdarına sədaqət kimi ideyalarla formalaşan ideal döyüşçü obrazı yaradılırdı. Samuray namus kodeksi busidoya (“döyüşçünün yolu”) əməl etməli idi. Bu kodeksdə samurayın davranış qaydaları göstərilirdi. İgidlik, ağasına sədaqət və fədakarlıq samurayların başlıca məziyyətləri sayılırdı. Hələ yeniyetmə ikən şəxsiyyətin formalaşmasında ən vacib fəzilətlərdən sayılan, döyüşçünün başqasının həyatı üçün öz həyatına etinasızlıq göstərə biləcəyi keyfiyyətləri inkişaf etdirilirdi. Belə bir xarakter əfsanəvi qəhrəmanların, məşhur hərbi rəhbərlərin və samurayların cəsarəti və döyüşkənliyi haqqında hekayələr oxumaqla, teatr tamaşalarına baxmaqla inkişaf etdirilirdi…
Vətənimiz Azərbaycanda dövlətimizə, dövlət başçısına, dövlətçiliyimizə sədaqət nümunəsi kimi göstəriləcək şəxsiyyətlərdən biri də general-polkovnik Bəylər Eyyubovdur.
Bəylər Həsən oğlu Eyyubov 10 mart 1951-ci ildə Ermənistan SSR-də yerləşən Şirazlı kəndində anadan olmuşdur.
Bəylər Eyyubov 2 iyun 2003-cü ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti — birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. 16 mart 2020-ci ildə prezidentin sərəncamına əsasən Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib, əvəzində isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb. Həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bəylər Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
Bəylər Eyyubov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 dekabr 1998-ci il tarixli “Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında” Fərmanı ilə Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində, ictimai asayişin və dövlət əhəmiyyətli mühüm obyektlərin qorunmasında xüsusi xidmətlərinə görə «Azərbaycan Bayrağı» ordeni ilə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 mart 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində səmərəli fəaliyyətinə, vəzifə borcunu peşəkarlıqla yerinə yetirdiyinə görə “Şərəf” ordeni ilə təltif edilib.
“Vətənə xidmətə görə” ordeninin tam kavaleridir.
Yeri gəlmişkən, dekabrın 25-də yaradılmasının 32 illiyi qeyd olunacaq Azərbaycan Milli Qvardiyası da Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə tabedir.
Uzaq keçmişlərdə mühafizə işini əsasən o zamanlar mövcud olmuş xüsusi keşikçi dəstələri və yaxud seçmə qoşun hissəsi olan qvardiyalar təşkil edirdi. “Qvardiya” — italyan mənşəli sözdür. Mənası “imtiyazlı seçmə qoşun hissəsi” deməkdir. Ancaq qvardiya mənşəli mühafizə dəstələri hələ quldarlıq dövründə meydana çıxmışdılar və monarxların, yaxud sərkərdələrin keşikçiləri şəklində fəaliyyət göstərirdilər.”Qvardiyaçı” termini ilk dəfə XII əsrdə İtaliyada dövlət bayrağını mühafizə edən dəstənin adını ifadə etmək üçün işlədilmişdir. XV əsrdə Fransada, İngiltərədə, İsveçdə, Prussiyada, XVII əsrdə Yaponiyada, XIX əsrdə isə bir çox digər dövlətlərdə qvardiyalar yaradılmışdı. Rusiyada ilk qvardiyanı 1687-ci ildə I Pyotr yaratmışdır. Orta əsrlərdə Şərqdə də muzdlulardan və qullardan ibarət keşikçi dəstələrinin seçmə hissəsi olan qvardiyalar təşkil edilirdi.
Azərbaycanda dövlət səviyyəsində mühafizə xidmətinin qurulması işinə isə ilk dəfə 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanmışdır. SSRİ dağıldıqdan sonra öz müstəqilliyini əldə etmiş Azərbaycanda siyasi, iqtisadi, qanunvericilik sistemlərində olduğu kimi, inzibati orqanlarda da yenidənqurma işləri aparılaraq yeni şəraitə uyğun optimal idarəçilik formaları axtarılmağa başladı. Mühafizə sisteminin əhəmiyyəti getdikcə daha da artdı, onun strukturu təkmillləşdi, tərkibi genişləndi. 25 dekabr 1991-ci ildə Milli Qvardiya yaradıldı. Qvardiyanın Əsasnaməsi, strukturu və vəzifə maaşları təsdiq edildi. İlk vaxtlar Milli Qvardiyada hərbi xidmət könüllülük qaydasında iki illik müqavilə əsasında idi. Şəxsi heyətin seçimi MTN, DİN və MN-in kadr orqanlarının köməkliyi ilə həyata keçirilirdi. 31 iyul 1992-ci il tarixli Fərmanın tələblərinə əsasən Milli Qvardiyanın ştat vahidi artırıldı. Bununla əlaqədar Milli Qvardiyada Alay yaradıldı.
…Samuraylar dövrü başa çatsa da, lakin cəsur yapon cəngavərlər haqqında mahnı və əfsanələr qalıb. Onlar haqqında kitablar yazılır, filmlər çəkilir. Mənalı ömrünü Vətənə, dövlətə, xalqa sədaqətli xidmətdə keçirən general-polkovnik Bəylər Eyyubovun da adı qalib Azərbaycanın “Şərəf Kitabı”na qızıl hərflərlə yazılıb və həmişə gələcək nəsillər üçün örnək kimi göstəriləcəkdir.


Müəllif: Tural Kəlbəcərli

102info.az baş redaktor

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir