
Ağırçəkili və iriqabaritli nəqliyyat vasitələri ilə icazə verilən qabarit,çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin fiziki və hüquqi şəxslər tərəfindən pozulması hallarının qarşısının alınması istiqamətində tərəfimizdən mütəmadi profilaktik tədbirlər həyata keçirilsə də, son zamanlar yollarda qanunvericiliklə müəyyən edilmiş normadan artıq yük daşıyan nəqliyyat vasitələrinə hələ də rast gəlinir. Bu isə həmin daşımalar zamanı böyük maliyyə vəsaiti hesabına ərsəyə gətirilmiş yolların, körpülərin, yol ötürücülərinin və digər qurğuların vaxtından əvvəl sıradan çıxması ilə yanaşı, bir çox hallarda ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olur. Təhlilllərlə müəyyən edilmişdir ki, respublika ərazisində təkcə son 1 ildə yük avtomobillərinin iştirakı ilə qeydə alınmış 127 yol qəzasında 84 nəfər həlak olmuş, 85 nəfər isə xəsarət almışdır.
Yük daşımaları zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi ciddi nəzarətdə saxlanılmaqla texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri ilə belə daşımaların həyata keçirilməsinin qarşısının alınması istiqamətində DYP tərəfindən lazımi tədbirlər həyata keçiriləcəkdir.
Polisin digər xidmət sahələrinin əməkdaşları da cəlb edilməklə karxanalardan və tikinti materialları satılan ərazilərdən normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin avtomobil yollarına çıxmasının qarşısının qətiyyətlə alınması məqsədi ilə reydlər keçiriləcəkdir.
İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edən, eləcə də belə nəqliyyat vasitələrinin kütlə parametrlərini aşmaqla yükləyən hüquqi və fiziki şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsi ilə inzibati tənbeh tədbirləri görülməklə, aşkar edilən bu kimi, nəqliyyat vasitələrinin hərəkətinə yalnız daşınan yüklərin qanunvericiliklə müəyyən edilmiş normalara uyğunlaşdırılması təmin edildikdən sonra icazə veriləcəkdir.
Sürücülərə, fiziki və hüquqi şəxslərə müraciət edirik ki, ağırçəkili və iriqabaritli nəqliyyat vasitələri ilə icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması hallarına yol verməsinlər.

www.102info.az
