Şərur yurdunun qəhrəman oğlu şəhid Babaxan Babayev

Qəhraman vətən oğlulları

Şəhidlik Allah, Vətən, millət uğrunda canını fəda edərək əldə olunan ən yüksək, şərəfli zirvədir. Şəhidliyin ünvanı əbədiyyətdir. Şəhid olan insanda yüksək vətənpərvərlik, cəsurluq, gözəl əxlaq və əqidə vardır.

Azadlıq və müstəqilliyimizin qorunması məhz şəhidlərimizin adı ilə bağlıdır. Şəhidlik milli mənəviyyatımızda və eləcə də dinimizdə üstün bir mərtəbədir. Peyğəmbərimizin (s.a.v.) şəhidlik haqqında bu hədisi-şərifi də şəhidliyin uca bir məqam olduğunu xəbər verməkdədir: “Şəhidə tökdüyü ilk qanı əsnasında altı fəzilət verilir: Günahları bağışlanır, cənnətdəki məqamını görür, cənnət hurisiylə evləndirilir, axirətin böyük qorxusuna qarşı təminat verilir, qəbir əzabından qorunur, iman libası ilə zinətləndirilir.”

Azərbaycan, əziz doğma yurdum, parçalanan, talanan, bölünən Vətən! Bizim səndən başqa kimimiz var? – Təbiətli, sərvətli, ərənli Vətənimiz, üç rəngli bayrağımız, bir də müdrik xalqımız. Azərbaycan xalqı vətənə torpağa bağlı xalqdır. Bu xalqın övladları vətən uğrunda canından keçən, tarix yazan, qəhrəmanlığı ilə tanınan igidlərdir. Alp Ər Tonqanın, Cavanşirin, Babəkin, Dədə Qorqudun, Koroğlunun göz bəbəyi kimi qoruyub bizə və gələcək nəsillərə əmanət etdiyi vətəndir Azərbaycan! Adın hər dəfə çəkiləndə adına “can” deyirik gözəl yurdum. Torpağından yoğrulan igidlər öz cəsarəti və qəhrəmanlığı ilə 44 günlük dastanı tarixə qızıl hərflərlə yazdılar. II Qarabağ müharibəsi şanlı tariximizdə qəhrəmanlarımızın göstərdiyi igidliklərə ən gözəl nümunədir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 27 sentyabr 2020-ci il tarixdə başlatdığı haqq-ədalət savaşında bizim hər birimiz sənin əsgərin olduq Azərbaycan! Silah tuta bilməsək də əllərimizi göy qübbəsinə açıb Ordumuza duaçı olduq. Allah sənin düşmənlərini məhv etsin ana Vətən. Ana yurdumun qarşısında son borcunu verən, ömrünü vətənə fəda edən ölümə atılan igidlərlə, Müzəffər Ordumuzla öyündü Azərbaycan! Tarixi qələbən mübarək olsun, ulu Vətən!

Şəhidlər ölməz, Vətən bölünməz! Bizə bu qələbə sevincini yaşadan Azərbaycanın xalqının vətənpərvər oğullarını yad etmək, xatirəsini əziz tutmaq və daima qəlblərimizdə yaşatmaq hər bir azərbaycanlının və həmçinin mənim də vətəndaşlıq borcumdur.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin də vurğuladığı kimi qazandığımız qələbədə naxçıvanlılar böyük igidlik və qəhrəmanlıq göstərmişlər. Vətən uğrunda canından keçən belə qəhrəman şəhidlərimizin sırasında igid Babaxanın da adı var. Babaxan Babayevin əziz xatirəsini yad edib sizlərə tanıtmaq istədim.



Şəhidimizi tanımaq üçün Şərur şəhər Yuxarı Yaycı kəndinə gedirəm. Dağlar aşıb yollar keçirəm. Üç rəngli bayrağımız şəhidin qapısında qürurla dalğalanır. Şəhidin qapısını asta-asta döyürəm. Məni şəhidin anası qarşılayır. Kəmalə ana bulud kimi dolub. Ananı dinləyirəm: “Babaxan vətəninə və ailəsinə bağlı oğul idi. O, hər gün səhər saat 6-da işə gedirdi. Axırıncı dəfə o işə gedəndə mənə dedi ki: –Ana mən Qarabağa kəşfiyyatçı kimi getmək istəyirəm. Axşam isə zəng vurub dedi salamat qalın. Bu yolun gedib gəlməməyi də var. Mən gedib Vətən üçün öləcəm!.”. Kəmalə ana gözünün yağını əridib oğlunu boya-başa çatdırıb. Babaxana toy etmək, gəlin gətirmək üçün ev tikib, min bir arzularla yaşayıb. Lakin, ananın arzuları yarımçıq qalıb.

Əlövsət atanın gözlərinə qəm-kədər çöküb. Ancaq qəhrəman oğul böyütdüyü üçün fəxr edir. O, Qarabağın azad olması üçün üçqat çempion oğlunu döyüşə yola salıb. Qarabağ öz səsi ilə Babaxanı harayına çağırıb. O, Qarabağın səsinə hay verib. Babaxan “Qarabağ Azərbaycandır!” deyərək silaha sarılıb, Azərbaycanın dilbər guşəsi olan Qarabağ uğrunda canından keçib.

Biz bu qələbəyə kəşfiyyatçı igidlərimizin əvvəlcədən verdiyi məlumatlar sayəsində nail olduq. Ölümün gözünə dik baxaraq, düşmənin arasına “dil” gətirməyə gedən qorxmaz kəşfiyyatçımızı tanımaq üçün 24 illik mənalı və qısa həyat hekayəsinə nəzər salaq:

Babayev Babaxan Əlövsət oğlu 1996-cı il fevral ayının 10-da Naxçıvan Muxtar Respublikasının Şərur şəhər Yuxarı Yaycı kəndində anadan olub. Birinci sinifə Yuxarı Yaycı orta məktəbində başlayan Babaxan daha sonra təhsilini Baki şəhəri Sabunçu rayon Pirşağı qəsəbəsində, 188 nömrəli orta məktəbdə davam etdirmişdir. Babaxan məktəb illəri ərzində idmanla məşğul olmuş, sərbəst güləş üzrə üç dəfə Azərbaycan çempionatı adını qazanmışdır. Babaxan 2014-cü ildə orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yola salınmışdır.



2019-cu ildən Milli Orduda kəşfiyyatçı işləməyə başlayan Babaxan 27 sentyabr 2020-ci il tarixdə ana vətənin dar günündə Qarabağa yola düşmüşdür. O, Füzuli, Murovdağ, Suqovuşan, Hadrut uğrunda gedən döyüşlərdə və bir sıra strateji yüksəkliklərin alınmasında qəhrəmanlıqlar göstərərək xeyli düşmən qüvvəsini məhv etmişdir. Əsgər yoldaşlarını meydanda tək qoymayan igid qəhrəmanımız eyni zamanda yaralı yoldaşlarını döyüş bölgəsindən çıxararaq tibb məntəqəsinə çatdırmışdır. Yoldaşlarının qeyd etdiyinə görə, əsgərləri özündən çox istəyirmiş. Belə ki, o, əsgərləri fikirləşirəm deyib dağları, təpələri aşıb, su doldurub kürəyinə ataraq onlara gətirirmiş. Babaxan əsgər yoldaşları ilə birgə Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə mühasirəyə düşsələr də Milli Ordumuzun əsgərləri tərəfindən azad olunublar.

17 oktyabrda Hadrutda gedən döyüşdə Babaxan yaralanır, ancaq yaralı olmağına əhəmiyyət vermir, al-qan içində olan yaralı yoldaşını döyüş bölgəsindən çıxarmaq istəyəndə uzaq məsafədən minamiyot atəşinə tutulur və ayaqlarından vurularaq xarıbülbüllərin arasında şəhadətə qovuşmuşdur. O, “Biz ölmürük şəhid oluruq” deyərək bu son cümləsini Vətən torpağına əbədi yazdı. Aldığı zərbə nəticəsində Vətəninə canını fəda edən igid şəhidimiz həmin gündən də Hadrutda naxçıvanlı qəhrəman kimi igidliyini dillərə dastan etmişdir.

Şəhidin cənazəsi 24 oktyabr 2020-ci il tarixdə üç rəngli bayrağa bükülərək Qarabağdan Nuh yurduna gətirilmişdir. Naxçıvan Hava Limanında izdihamla qarşılanan şəhidimiz ata ocağına, sərhəd kənd Yuxarı Yaycıya izdihamla gətirildikdən sonra Şərur şəhər Şəhidlər Xiyabanında hörmətlə dəfn edilmişdir. Subay idi.

Babaxan “qəhrəman olmurlar, qəhrəman doğulurlar” ifadəsinin reallıqda təcəssümü idi. Uşaq dünyaya göz açanda ona ad verilir. Babaxan iki böyük sözün birləşməsindən yaranan özünə yaraşan mənalı adını doğrultdu. Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına şəhid oldu. Babaxan eldə, dildə və əsgər yoldaşlarının qəlbində cəld, cəsur, fədakar, qoçaq bir igid kimi qalmışdır. O, həmçinin aclığa susuzluğa çox dözümlü əsgər idi. Bu müsbət keyfiyyətlər Allah tərəfindən ona verilən vergi idi. Qəhrəman şəhidimiz göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında müfaviq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın alınması uğrunda”, “Füzulinin alınması uğrunda” medalları ilə təltif olunmuşdur. Allah Babaxan sənə və bütün şəhidlərimizə rəhmət eləsin!. Sən Qarabağda dastan yazan qəhrəmanlarımızdan biri kimi daima qəlbimizdə yaşayacaqsan. Biz vətən övladları sizlərlə daima qürur duyacayıq!.

Kübra Vəliyeva,

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun elmi işçisi

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir