Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən və özündən asılı olmadan yaranan bir dəyərdir. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini də Vətən torpağında atır və torpaq sevgisinin hərarətini bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Belə yüksək amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz və ürəkağrımız, həm də qürur yerimiz, fəxrimizdir.
23 oktyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidləri- çavuş, hərbi feldşer Arəstə Kərim qızı Baxışova və əsgər Rövşən Kazım oğlu Hüseynovun şəhadətlərinin ikinci ildönümü ilə bağlı məzarları ziyarət olunmuş və ehsan mərasimində iştirak edilmişdir. Həmçinin 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan hərbi qulluqçular-Vadim Alik oğlu Qocayev və Amin Rasim oğlu Qəfərlinin 40 mərasimi ilə əlaqədar ehsan mərasimində iştirak edilmişdir.
Anım mərasimində şəhidlərimizin ailə üzvləri və yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin, bələdiyyələrin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd etdi, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı dilədi. Qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızın qürur duyduğunu qeyd etdi.
Mərasimlərdə xatirələrini bölüşən şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!














www.102info.az
