“Qafqazinfo” xəbər verir ki, görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayaraq bildirib ki, 147 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.
Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Asif Əsgərov vurğulayıb ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb.
İkinci Qarabağ müharibəsi zamanı KİV nümayəndələri cəbhə bölgəsində aktiv iştirak ediblər. Ümumən Vətən müharibəsinin informasiya cəbhəsinin qurulmasında jurnalistika fəal rol oynadı. Bu baxımdan ermənilərin informasiya təxribatları ilə bağlı beynəlxalq media ictimaiyyətini ətraflı məlumatlandırdılar. Bütün bunlar qələbənin qazanılmasında mühüm rol oynayıb.
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.




www.102info.az
