Onun alın qırışları sətirbəsətir oxunan ömür yoludur. Gözlərinə diqqətlə baxanda döyüş səhnələrini, mərmi partlayışlarını, can verən dostlarının son anlarını aydınca görmək olar.
Titrəyən, şair demiş, “külüng tutan, kösöy tutan, silah tutan” tunc rəngli dəmir əllərində vətənimizin xəritəsinə bənzəyən damarlar 100-ü haqlamağa çalışan bir insan, bir döyüşçü ömründən soraq verir…
Ətraflı
Bu sətirləri düz iki il bundan öncə yazmışdım. Və əlbəttə ki, adətim üzrə hər bayramda, hər doğum günündə onu təbrik etməyi, gözünü, könlünü sevindirməyi özümə borc bilirdim. Sözün düzü, bilirdim ki, yaşı səksəni keçib və onu təbrik edərkən heç yaşını deməzdim, sadəcə təbrik edib uzun ömür arzulayardım. Elə bu il də zəng edib təbrik etmək, həm də bayramlaşmaq istəyirdim. Dedilər ki, Müseyib müəllimi yubileyi ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinə çağırıblar.
O, 90-nı hamı kimi haqlamayıb. Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubovun təbirincə desək, mənalı həyatının 40 ilə yaxın dövrünü daxili işlər orqanlarına həsr edərək şərəfli bir yol keçib, Vətənə və xalqa sədaqətlə xidmət edib, rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyəti, böyük idarəçilik və təşkilatçılıq bacarığı, işgüzarlığı, yüksək intellektual səviyyəsi, iradi və mənəvi keyfiyyətləri ilə seçilməyi bacarıb.
Bu gün də ölkə mətbuatını diqqətlə izləyən, ictimaiyyət arasında dövlətçiliyimizin dayaqlarının möhkəmlənməsində canını fəda edən, ayıq-sayıq xidməti ilə cinayətkarlığa qarşı ciddi mübarizə aparan hüquq-mühafizə orqanlarının, o cümlədən, Azərbaycan Polisinin ictimai nüfuzunun yüksəlməsi üçün bir polis veteranı kimi üzərinə düşən vəzifəni həm də bir vətəndaş yanğısıyla icra edən Müseyib İlyasov böyük həyat enerjisi ilə sıralarımızdadır.
Polis veteranı Müseyib İlyasovun ömür yolu bir məktəbdir. Tanıyanlar, bilənlər bu gün də onun açılmayan cinayətlərin üstünü isti izlərlə açmaq bacarığından, əməliyyat şəraitini təhlil etməsindən, idarəçilik mexanizmini təkmilləşdirməsindən sevə-sevə danışırlar.
O, Azərbaycan gəncliyini sevir, əldə etdiyi uğurlara sevinir. Bu gün daxili işlər orqanlarında yaradılan şəraitdən, maddi-texniki təminatın yüksək səviyyədə olmasından qürur hissi duyur. Deyir ki, xidmət etmək üçün hər cür şərait yaradılıb, yetər ki, verilən tapşırıqları ürəklə və vicdanla yerinə yetirəsən.
Onu daxili işlər orqanlarında gənclərlə keçirilən görüşlərin əksəriyyətində görmək mümkündür. Ötən illər ərzində Müseyib İlyasovun yüzlərlə əməkdaşın yetişməsində əməyi var və təqaüdə çıxdıqdan sonra da şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsində və peşəkarlığının artırılmasında yaxından iştirak edib, yoruldum deməyib, bu gün də eyni amalla Vətəninə xidmət edir.
Yubileyi münasibətilə DİN-də keçirilən görüşdə də onun müstəqillik illərində xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən həyata keçirilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən siyasi xətti dəstəkləməsi, elə yaşının bu çağında polis veteranı kimi ölkəmizin, daxili işlər orqanlarının ictimai həyatında inamla və ürəklə fəal iştirak etməsi, zəngin təcrübəsini gənclərlə bölüşməsi vətənpərvərliyin və dövlətçiliyə sadiqliyin bariz nümunəsi olduğu xüsusi vurğulanıb.
Hamı kimi o da illəri geridə qoyduqca ömür kitabını tez-tez vərəqləyir. Şirinli-acılı xatirələrə dalır, duyğulanır, kövrəlir. “Keçən günlərimi qaytaraydılar” deyib heyfslənmir. Çünki bu illər ərzində onun ən böyük qazancı insanların polisə olan inamı, polisə olan etimadıdır.
Elə, obaya, torpağa bağlı bir insan ömrünün işığına üz tutduqca görürsən ki, əslində tale, ömür dediyimiz elə insanın özüdür. “Uzun, incə bir yola” çıxanlar yaxşı bilir ki, dünyanın bir adı da yoldur. Ömür adlı yol hamını özünə yoldaş eləmir və yıxılmağı dərd eləyənlərdən heç zaman qəhrəman çıxmayıb.
Və sözün əsl mənasında dəyərli veteranımız 90 yaşlı Müseyib İlyasov öz xidməti, andına sadiqliyi, Vətənə sədaqəti ilə təkcə daxili işlər orqanları tarixində deyil, həm də Vətən tarixində əbədi iz qoymağı bacarıb.
Kiçik bir xatırlatma: Müseyib İlyasov 1926-cı ildə Qubada doğulub. 1944-cü ildə hərbi xidmətə çağırılaraq Don cəbhəsində 191-ci ehtiyat alayının tərkibində xidmətə başlayıb. Müharibə başa çatandan sonra hərbi xidməti Sərhəd Qoşunlarında keçib. 1945-ci ilin may-oktyabr aylarında Kiçik Komandirlər Məktəbində təhsil alıb. 1950-ci ildə ordu sıralarından tərxis olunub. 1951-1955-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsinin Xaçmaz şöbəsində əməliyyat işində xidmətini davam etdirib və taleyini milislə bağlayıb. Moskvada Ali Milis Məktəbini bitirib. Bir çox şəhər və rayonlarda rəis vəzifəsində qüsursuz xidmət edib. 1975-ci ilin yanvarında Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatına təyinat alıb. Əvvəlcə qərargah rəisinin müavini və 1978-1988-ci illərdə qərargah rəisi və nazir müavini vəzifələrində çalışıb. 1990-cı ilin fevral ayında milis polkovniki rütbəsində təqaüdə çıxıb.
Hafiz TƏMİROV
polis mayoru
www.102info.az
