Ramil Orucov: Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlir

Siyasət

Azərbaycanla Qırğızıstan Respublikası arasında hər zaman mədəni və iqtisadi əlaqələr mövcud olub. Təbii ki, bunun da əsas səbəbi tarixin dərinliklərinə gedib çıxan Azərbaycan və qırğız xalqlarının dil, mədəni dəyərlər baxımından bir-birinə sıx tellərlə bağlı olmasıdır.
Bu gün də Azərbaycan- Qırğızıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində Qırğızıstan və Azərbaycanın həmişə bir-birini dəsdəkləməsi ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərib. İki ölkə arasında imzalanmış bir sıra mühüm sazişlər ölkələrimiz arasında əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaradıb.
Azərbaycan və Qırğızıstan Respublikaları arasında Dostluq və Əməkdaşlıq Müqaviləsinin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri nəzərdən keçirildi, əməkdaşlığa dair məsələlər ətraflı müzakirə olundu. Dövlət başçılarının təkbətək, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərində, mətbuata bəyanatlarında tərəflərin münasibətləri daha da intensivləşdirmək əzmində olduqları ifadə edilib.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovun imzaladıqları sənədlər hər iki tərəfin əlaqələrin daha da inkişafında maraqlı olduğunu təsdiq etdi.
Mətbuata bəyanatında Azərbaycan və Qırğızıstan dost, qardaş dövət oduğunu xüsusi olaraq vurğulayan Prezident cənab İlham Əliyev bildirib ki, bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini-Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlıq kökləyir. Biz Dövətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik.
İmzalanan sənədlərdən ən əsası “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”dir. Bu sənəd iki dövlət arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldir. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və hər iki dövləti məhz strateji xarakterli əməkdaşlığa kökləyir.
Nəqliyyat infrastrukturu ilə Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərimizin birləşdirilməsi məsələsinə xüsusi diqqət yetirən Prezident cənab İlham Əliyev bildirib ki, Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Əlbəttə, bu imkanlar, bizim liman infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır.
Bəli, iki türkdilli dövlət arasında əldə olunan razılaşmalar, müzakirə olunan məsələlər Azərbaycan-Qırğızıstan əlaqələrində yeni səhifələr açacaq, eyni zamanda əməkdaşlığın daha da güclənməsinə mühüm töhfələr verəcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir