Qan Turalı yazır…
Rene Dekart deyirdi ki, fəlsəfəni tənqid etmək də fəlsəfədir.
Çünki fəlsəfəni inkar etmək fəlsəfi arqumentasiya, başqa cür desək fəlsəfi mühakimələrlə tələb edir.
Analitik həndəsənin də qurucu olan Dekartın bu düsturu əslində bir çox başqa məqamlara da adekvatdır.
Kütləni tənqid etmək də kütləvi bir haldır, ya da kütləni tənqid edən də kütlədəndir.
Bəs kütlə kimdir?
Akademiyanın hazırladığı izahlı lüğət də kütləyə məhdud tərif verir: “Əhalinin, xalqın böyük topluluğu”.
Kütlə çoxluq ola bilər, ancaq çoxluq kütlənin əsas keyfiyyəti deyil.
Elm, fəlsəfə və tarixi təcrübə göstərir ki, insanlar kütlə halında hərəkət edərkən etdiklərini tək olduqda etmirlər.
Kütləyə qoşulmaq insanı qorxularından, komplekslərindən azad edir.
Misal üçün, nadanlığı özü başda olmaqla hər kəsə bəlli olan bir insan kütlə hansısa bir məsələylə bağlı coşduqda o da axına qoşulur.
Onun əsaslandırması isə sadədir: “Hamı belə deyir”.
İnsan öz hərəkətlərini başqalarının analoji hərəkətləri ilə izah etməsi onun kütlənin mənsubu olduğunu göstərir.
“Ana” romanında ana oğlu Paveldən “Axı niyə sən çox içirsən?” deyə soruşanda Pavel belə cavab verir: “Hamı içir”.
Xalqımızın “Palaza bürün, elnən sürür” məsəli, ya da “Bəs camaat nə deyər” qınağı da kütlə təfəkkürünün nə olduğunu aydın şəkildə göstərir.
Nazim Hikmət hələ lap gənc ikən Maksim Qorkiyə yazdığı şeirində bu misralar vardı:
“Bilirəm, Lenini çox sevirsən.
Amma sevmək anlamaq deyildir”.
Bəli, fərdi kütlədən ayıran da budur, anlaması…
Ya da ən azı anlamağa cəhd etməsi…
Kütlə üçün düşünməkdən daha yorucu bir şey yoxdur.
Ona görə də o “Gecə klubuna gedənlər pis yola düşənlərdir, “Mini yubka geyinənlər əxlaqsızdır”, “Öldürülən hər qadın günahkardır” bəsit qəliblərlə düşünür.
Kütlə düşünmür, düşünən isə kütlə olmur…
Kütlə heç nəyi anlamır, o sadəcə hisslərin burulğanındadır və bu hisslər də keçicidir…
Kor tutduğunu buraxmayan kimi kütlə insanı kütlənin düşüncəsindən əsla uzaqlaşmır.
O bu düşüncəni manqurt başındakı dəvə dərisini qoruyan kimi qoruyur.
Belə insanlar köhnə, yırtıq ayaqqabı geyməyə utansalar da nimdaş fikirləri təkrar etməkdən əsla utanmazlar.
On bir il məktəbə gedib imla yazmağı belə öyrənməyən insan asanlıqla “ölkədə təhsil yoxdur” deyə bilir.
Axırıncı dəfə 25 il qabaq “Allahverdi Eminovun “Seks haqqında söhbət” kitabını oxumuş adam rahatlıqla “Xalq kitab oxumur” deyə bilir.
Çünki kütlənin fərdi məsuliyyəti yoxdur.
Onun hesabla da arası yoxdur, 200 nəfəri bir mağaza qarşısında növbə gözləyən görəndə buna görə bütün ölkə gəncliyini ittiham etmək onun əlində su içmək kimidir.
Ən təhlükəlisi nadan olub kütləyə qoşulan, kütlədən güc almaqla öz nadanlığını unudanlar deyil.
Təhlükəli olan ağıllı olduğunu düşünüb kütlə ünsürü olduğunun fərqinə varmayanlardır.
Belələrinin ən işlək cümləsi budur: “Mirzə Cəlil hələ də aktualdır”.
Mirzənin dövründə ölkə əhalisinin 1 faizinin savadlı olduğu halda indi 99 faizi savadlıdır, insanlar xəstələnəndə mollanın yox, həkimin yanına gedirlər, o zaman bir ali təhsilli qadın olmadığı halda indi yüz minlərlə ali təhsilli həkim, müəllim, mühəndis, hüquqşünas var.
Bu kimi onlarla fakt onların beyninə batmır, elə dediklərini də deyirlər.
Halbuki Mirzə Cəlil başda olmaqla maarifçilərin aktual olduğu bir əsas məqam var, o da insanların həqiqəti zəkanın gücü ilə dərk etmə qabiliyyətidir.
Ancaq onlar bunu dərk etmirlər, çünki həqiqət onların dilinə beyindən yox qulaqdan gəlir, dərk etdiklərini yox, eşitdiklərini deyirlər.
Nəyin yalan nəyin isə düz olduğunu bilməyin isə çox sadə bir yolu var: Düz sizi fəaliyyətə aparır, yalan isə ətalətə, tənbəlliyə.
Kütlə düşünür ki, ölkədə savada qiymət verilmir, oxumuş adamlar dilənçiliklə məşğuldur.
Halbuki gerçəklik bunun əksinədir, orta və ali təhsillilərin gəlirləri arasında uçurum var.
(Məqsədim ölkədəki neqativ halları pərdələmək deyil, məramım başqadır)
Kütlənin yaydığı bu düşüncə insanlarda heç bir motivasiya doğurmur, onları tənbəlliyə sürükləyir.
Uğurun zəhmətdən başqa yolu yoxdur, kütlə bunu qavramaq istəmir və yaydığı mənhus, neqativ hava ilə həyat enerjisini öldürür.
Kütlə bir çox hallarda bədbinlik doğurur, onun təfəkkürü, hissi olduğu üçün hər şeydən asanlıqla təsirlənir, uzunmüddətli nəticələr çıxarır.
Və kütlə bu yazını hansısa təsadüf nəticəsində oxuyub “Bunu yazan da özünü ağıllı hesab edir” deyəcək.
Onların kitabında ağıllı olmaq cinayətdir.
www.102info.az
