Elm və təhsilin vəhdəti labüddür – FOTO

Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının gələcək taleyi ilə bağlı müzakirələr davam etməkdədir. Bir qisim AMEA-nın ölkə elminə tarixi töhfələrini və burada hələ də ciddi elmi tədqiqatların aparıldığını nəzərə alaraq, onun Azərbaycanın əsas elmi təsisat olaraq qorunub saxlanmasının zəruriliyi tərəfdarıdır. Digər qisim isə, indiki formada Elmlər Akademiyasının elmin təşkilinin sovet formasından irəli getmədiyini, effektiv olmadığını əsas gətirərək onun tamamilə və ya qismən ləğv edilməli olduğunu düşünür. Hər iki tərəfin yekdil olduğu yeganə məqam  budur ki, bütün hallarda AMEA-da ciddi islahatlar aparılmalıdır. 

Elmi tədqiqatların effektivliyi barədə danışarkən bir neçə parametrə diqqət yetirmək lazım gəlir. Bunlar dünyanın nüfuzlu elmi nəşrlərində çap olunmuş məqalələrin sayı, ixtiralara görə qeydiyyata alınmış patentlər, elmi-tədqiqatın sənayeyə tətbiqi nəticəsində elmin kommersiyalaşdırılması və s. göstəricilərdir. AMEA-nın nə dərəcədə effektiv olduğunu müəyyənləşdirmək üçün onun strukturuna daxil olan təşkilatlar tərəfindən elmmetrik bazalarda çap olunmuş məqalələrin sayına diqqət yetirmək lazımdır. 

2018-2021-ci illərdə AMEA-nın bütün təşkilatları tərəfindən “Web of Science” bazasında cəmi 2840 elmi məqalə indekslənib. Müqayisə üçün deyək ki, həmin müddətdə ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri tərəfindən nəşr olunmuş məqalələrin sayı 3592-dir. Məqalələrin keyfiyyət göstəricilərinə gəlincə, (Q1 jurnallarda nəşr olunan məqalələrin sayı, məqalələrə istinadların sayı və s.) ədalət naminə demək lazımdır ki, AMEA tərəfindən yazılmış məqalələr nisbətən daha keyfiyyətlidir. Lakin nəzərdən qaçırılmamalıdır ki, Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir və onların da əksəriyyəti kiçik və dar ixtisaslı ali təhsil müəssisəsi olub elmi tədqiqata deyil, konkret sahələr üzrə kadr hazırlığına cəlb olunub.

AMEA-nın tabeliyində əsas işi elmi tədqiqatların aparılması olan 46 qurum vardır və onlara 2022-ci ilin dövlət büdcəsindən 134 milyon manat vəsait ayrılıb. AMEA-dan fərqli olaraq, Azərbaycanda ali təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşməsi yalnız həmin universitetlərdə ödənişsiz təhsil alan tələbələrin sayı əsasında həyata keçirilir. Yəni çox cüzi istisnalar nəzərə alınmasa, universitetlər elmi-tədqiqat işləri üçün dövlət büdcəsindən vəsait almır. Ali məktəblərdə çalışan alimlər həm tədris, həm də elmi tədqiqatla məşğul olur. 
Dövrümüzdə elm və təhsilin vəhdəti danılmazdır. Dünyanın bütün nüfuzlu və sanballı universitetləri həm də elmi-tədqiqat mərkəzləridir. Lakin, eyni zamanda universitetlərdən kənar elmi-tədqiqat institutları da yox deyil. AMEA-da islahatlar aparılarkən, daha çox bu aspektə fikir vermək və elmlə təhsilin daha ciddi şəkildə əlaqəsinin təmin edilməsinə nail olmaq lazımdır. Yuxarıda qeyd olunmuşdu ki, AMEA-da yazılan elmi məqalələrin sayı az olsa da keyfiyyəti ilə fərqlənir. Əgər AMEA-nın ən yaxşı elmi-tədqiqat institutlarının Azərbaycandakı ali təhsil müəssisələri ilə institusional bağlılığını təmin etmək mümkün olarsa, bu, ən azı həmin institutlarda yazılmış məqalələrin hesabına ölkə universitetlərinin reytinqinə əhəmiyyətli təsir edə bilər. Universitetlərin reytinqi (xüsusilə, elmi tədqiqatların səviyyəsinə görə) artdıqca onların yerli və xarici sənaye, eyni zamanda tədqiqatı maliyyələşdirən proqramlarda iştirakı sayəsində (məsələn, Horizon Europe və s.) gəlirlərinin artması gözləniləndir. Eyni zamanda, daha reytinqli universitetlər daha çox tələbə cəlb edə bilir ki, bu da universitetlər üçün daha çox maliyyə deməkdir. Nəticədə, universitetlər əldə etdikləri gəlirlərdən elmi tədqiqatların maliyyələşməsi üçün daha çox vəsait ayıra bilərlər. Bu, həm də elmə dövlət tərəfindən ayrılan vəsaitin daha hədəfli və layihə əsaslı xərclənməsinə imkan verərdi. 

Qeyd edim ki, dünyanın bir çox aparıcı elmi təşkilatlarında istər fundamental, istərsə də tətbiqi elmlər sahəsində laborator tədqiqatlardan daha çox kompüter simulyasiyaları vasitəsilə aparılan tədqiqatlara üstünlük verilir. Bu tədqiqatların aparılmasında əsas məqsəd ondan ibarətdir ki, laborator tədqiqatlar çox vəsait, zaman və kadr tələb edir, kompüter simulyasiyaları, eyni zamanda aparıcı elmi mərkəzlər və proqramlaşdırma şirkətləri tərəfindən hazırlanan xüsusi verilənlər bazaları və proqram təminatları isə aparılan tədqiqatların daha az zamanda və daha az vəsaitlə həyata keçirilməsinə imkan verir. Həmçinin günümüzdə bütün sahələrdə, o cümlədən, bütün elmi istiqamətlərdə alimlərin qarşısında duran əsas problem böyük həcmli verilənlərin analizidir. Bu baxımdan həm yüksək sürətli hesablamalar, həm də böyük həcmli verilənlərin analizini tələb edən elmi tədqiqatların yüksək sürətli hesablama mərkəzlərində həyata keçirilməsi tədqiqatların keyfiyyətinin yüksəldilməsinə, zamana, kadrlara və vəsaitlərə qənaətə, həm də multidisiplinar tədqiqatların inkişaf etdirilməsinə xidmət edir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının nəzdində yaradılan HPC (High Performance Computing) mərkəzi həm yüksək sürət və hesablama potensialına malik resurslar baxımından, həm proqram təminatı baxımından, həm də kadr baxımından yuxarıda qeyd olunan problemləri yüksək səviyyədə həyata keçirməyə qadirdir. HPC mərkəzinin dünya standartlarına cavab verən elmi hesablama mərkəzi olması (http://www.kerrighed.org/php/clusterview.php?id=88), eyni zamanda dünyanın bir sıra universitetləri və elmi tədqiqat mərkəzləri ilə olan əməkdaşlıq etməsi Azərbaycan elminin qarşısında duran problemlərin layihələr şəklində “Horizon Europe” kimi qrant proqramlarına çıxarılmasına, nəticədə ölkədə elmi tədqiqatların aparılması üçün kənardan vəsaitlərin cəlb olunmasına imkan verir.

 

Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, AMEA-nın struktur idarələri ilə ADNSU HPC mərkəzinin əməkdaşlığının təmin olunması Azərbaycanda elmin inkişafına yüksək təsir göstərməklə yanaşı, tədqiqatlara sərf olunan zaman və vəsaitlərə qənaət olunmasına da xidmət edəcək. 

Nümunə olaraq AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə ADNSU HPC arasındakı əməkdaşlığı göstərmək olar. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təklifi ilə ADNSU HPC mərkəzində quraşdırılan AlphaFold proqram təminatı proteinin strukturunun proqnozlaşdırılmasını həyata keçirməklə bu tədqiqata tələb olunan zaman və vəsaitin dəfələrlə azalmasına xidmət edir. Təəssüflər olsun ki, bu əməkdaşlıq rəsmi müqavilə şəklində aparılmır, yalnız HPC mərkəzinin könüllü şəkildə İnstitut əməkdaşlarına təqdim etdiyi xidmətdir. Mərkəzin belə nümunələri kifayət qədərdir.

Ən vacib məsələ isə AMEA elmi-tədqiqat institutları ilə ali təhsil müəssisələrimizin institusional vəhdətinin formasının tapılmasıdır.

ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, professor Araz Rafiq oğlu Əliyev

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir