Ukraynanın kişi güləşçiləri Avropa çempionatında yarışmaq qərarı verdilər: Heyətdə iki azərbaycanlı da var

İdman
Spread the love

Ukraynanın yunan-Roma güləşi üzrə millisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında iştirak edəcək.

Oxu.Az-ın xəbərinə görə, Ukrayna Yunan-Roma Güləşi Federasiyası iştirak barədə müstəqil qərar verib.

Baxmayaraq ki, Ukrayna Güləş Assosiasiyasının prezidenti Yuri Kopıtko daha öncə açıqlama yayaraq kişi güləşçilərin yarışmayacağını, onların bu çətin vaxtda ölkələrinin azadlığını qorumasının lazım olduğunu vurğulamışdı. O, yalnız Avropa çempionatınadək Budapeştdə hazırlıq keçən qadın güləşi millisinin (tam heyət – 10 idmançı) mübarizə aparacağını bildirmişdi. Nəticədə Ukraynanın sərbəst güləş millisi mötəbər yarışdan kənar qalmışdı.

Lakin Ukrayna Yunan-Roma Güləşi Federasiyası şəxsi təşəbbüs göstərərək bu yarışda iştirak etmək qərarı verib. Federasiya bunu çətin vaxtlarda Ukraynanın şərəfini idman arenasında təmsil etməyin vacibliyi ilə əlaqələndirib.

Beləliklə, Ukraynanın yunan-Roma güləş millisi 10 idmançı ilə təmsil olunacaq. Heyətdə iki Azərbaycan əsilli güləşçi də var. Bunlardan biri müharibə vaxtı humanitar yardımların paylanmasında fəal iştirak edən, Tokio Olimpiadasının gümüş medalçısı Pərviz Nəsibovdur. O bu dəfə 67 kq-da yox, 72 kq-da çıxış edəcək. Həmçinin gənc Yasəf Zeynalov 77 kq-da qüvvəsini sınayacaq.

Olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Jan Belenyuk isə siyasi məqamlara görə heyətdə yer almayıb.

Qeyd edək ki, Avropa çempionatında yunan-Roma güləşçiləri 31 mart – 1 aprel tarixlərində mübarizə aparacaqlar. Bu yarışda Azərbaycan da tam heyətlə – 10 idmançı ilə təmsil olunacaq.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir