Turab Teymurov: “Formula-1” yarışında konsert olmayacaq” – MÜSAHİBƏ

İdman

Xəbər verdiyimiz kimi, ötən aydan etibarən Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi postuna Turab Teymurovun təyinatı rəsmiləşib.

Oxu.Az bu münasibətlə və “Formula-1” Azərbaycan Qran-prisi ilə bağlı ən son yenilikləri öyrənmək üçün onunla əlaqə saxlayıb. 

– Təyinatla bağlı fikirlərinizi bölüşməyinizi istərdik. Hansı yeniliklər gözlənilir?

– Artıq altı ilə yaxındır, BŞH Əməliyyat Şirkəti təsis olunduğu ilk gündən “Formula-1” Azərbaycan Qran-prisinin təşkilində yaxından iştirak edirəm. Ölkəmiz dünyanın ən nüfuzlu idman yarışına ev sahibliyi edir və biz Əməliyyat Şirkəti olaraq bu istiqamətdə təbliğat işinin yüksək səviyyədə təşkili üçün əlimizdən gələni edirik. Milli mətbuat katibi kimi mənə yüksək etimad göstərilib. “Formula-1” Azərbaycan Qran-prisinin və onun timsalında ölkəmizin təbliğatında səylərimi əsirgəməyəcəm.

– Builki Azərbaycan Qran-prisi iyunda baş tutacaq. Azarkeşləri əvvəlki yarışlardan fərqli hansı yeniliklər gözləyir?

– Yarış 10-12 iyun tarixlərində baş tutacaq, üç gün davam edəcək. Pandemiya səbəbindən, tamaşaçıların təhlükəsizliyini qorumaq məqsədilə yarışlar zamanı konsert proqramı nəzərdə tutulmayıb. Lakin hər il olduğu kimi, bu dəfə də azarkeşlər üçün maraqlı əyləncə proqramları təşkil olunacaq. Bunlar yarış formatının ayrılmaz hissəsidir və şəhərimizdə xüsusi canlanma yaradır. Neçə ildir ki, ardıcıl olaraq Qran-priyə qatılan “Formula-1” azarkeşləri bunu təsdiqləyə bilərlər. Xüsusi vurğulamalıyam ki, tamaşaçılardan yarış vaxtı ölkədəki COVID-19 təhlükəsizlik qaydalarına əməl etmələri tələb olunacaq.

– Marşal və könüllülərin sayında hər-hansı dəyişikliklər varmı? 

– Dünyada keçirilən bütün “Formula-1” yarışlarının təşkilatçılığı və keçirilməsində marşallar böyük əhəmiyyət daşıyırlar. “Formula-1” aləmində marşallara həmçinin “yarış rəsmiləri” də deyilir. Yarış zamanı 1500-ə yaxın yerli və əcnəbi marşal iştirak edəcək və fəaliyyətini uğurla başa çatdırmış hər bir şəxsə Azərbaycan Avtomobil Federasiyası və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən beynəlxalq lisenziya təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara yalnız Azərbaycanda deyil, həmçinin “Formula-1” Qran-prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.

Könüllülərə gəlincə, səkkiz mindən çox namizəd qeydiyyat üçün müraciət edib. Müsahibə mərhələsi artıq yekunlaşıb. Ötən ildən fərqli olaraq, bu il yarış tamaşaçıların iştirakı ilə baş tutacaq. Bu isə öz növbəsində könüllü olmaq istəyənlərin sayına ciddi təsir edir. Yarışların təşkilinə 1500 nəfər könüllü dəstək olacaq. ABŞ, İngiltərə, Almaniya, Çin, Özbəkistan və digər ölkələrdən 100-dən çox əcnəbi namizəd “Formula-1” Azərbaycan Qran-prisinin könüllüsü olmaq üçün müraciət edib. Fiziki məhdudiyyətli gənclər də “Formula-1” könüllüsü olmaqda həvəslidirlər və yarışlara qoşularaq yeni təcrübələr əldə etmək üçün qeydiyyatdan keçərək müsahibə prosesinə qoşulublar.

– Qeyd etdiyiniz kimi, yarış bu il tamaşaçı ilə keçiriləcək. Nə qədər bilet satışı gözlənilir?

– Bilet satışlarına artıq bir neçə həftədir ki, start verilib. Hazırda bilet satışı bütün tribunalar üçün açıqdır və azarkeşlər tərəfindən maraq olduqca yüksəkdir.  Biletlərin qiyməti yerli azarkeşlər üçün 90 manatdan başlayaraq 970 manata kimi dəyişir. Biletləri https://www.bakucitycircuit.com/az veb səhifəsindən, həmçinin şəhərimizin bilet satışı məntəqələrindən əldə etmək mümkündür. Biletlər daha çox Türkiyə, Rusiya və Böyük Britaniya vətəndaşları tərəfindən əldə edilir. Həmçinin İspaniya, Niderland, Danimarka, Fransa, Norveç və sair ölkələrin azarkeşləri say etibarilə çoxluq təşkil edirlər. Qeyd edim ki, biletlər Azərbaycan vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşama icazəsi olan əcnəbilərə 20-25 faizlik endirimlə təklif olunur.

Fürsətdən istifadə edib bildirmək istərdim ki, martın 9-dan etibarən yerli KİV nümayəndələrinin yarış zamanı iştirakı üçün akkreditasiya prosesinə başlanılıb. “Formula-1” Azərbaycan Qran-prisi də daxil olmaqla builki dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası FIA və “Formula One Management” (FOM) şirkəti tərəfindən tənzimlənir. Yerli media nümayəndələrinin yarışa qeydiyyatı prosesi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH)  tərəfindən icra olunur.

Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi akkreditasiya səhifəsinə daxil olaraq, müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Qeydiyyat prosesi aprelin 14-də başa çatır.

– Yarış bundan sonra daha neçə il Bakı azarkeşlərini sevindirəcək və ümumiyyətlə, Azərbaycan Qran-prisi ölkəmizə nə qazandırır?

– “Formula-1” Azərbaycan Qran-prisi  2024-cü ilə kimi davam edəcək. Ölkəmiz artıq uzun illərdir ki, möhtəşəm beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir və burada əsas məqsəd Azərbaycanın dünyada tanıdılması, bununla da turist axınının artırılmasıdır. “Formula-1” Qran-prisi ölkəmizi və şəhərimizi bütün gözəlliyi və əzəməti ilə təqdim etməyə, müasirliyin və tarixiliyin vəhdətini göstərməyə, ölkəmizin sürətlə inkişafını, dünyaya inteqrasiyasını, mədəniyyətini, ənənələrini təbliğ etməyə gözəl zəmin yaradır.

Yarış xüsusilə ölkə iqtisadiyyatına birbaşa və dolayısı ilə töhfə verir. Araşdırmaların nəticələrinə görə, Bakıda keçirilmiş ilk dörd yarış ölkə iqtisadiyyatına ümumilikdə 506,3 milyon dollar gəlir qazandırıb. Bu, əsasən turizm, mehmanxana və nəqliyyat sektorunda öz əksini tapıb. O cümlədən, peşəkar xidmətlər, restoran, sosial və mədəni xidmətlər, poçt və telekommunikasiya, tikinti sektoru və digər sahələrdə inkişafı da bu sıraya aid etmək olar.

– Trasın yarışa hazır vəziyyətə gətirilməsi üçün işlər nə zaman başlayacaq?

– Azərbaycan Qran-prisi üçün istifadə olunan trek hazırlığına aprel ayında başlanacaq.

– “Formula-1” yarışlarında hansısa yenilik varmı ki, Bakıda keçiriləcək yarış zamanı da tətbiq olunması gözlənilir?

– Yeniliklər əsasən komandaların tərkibi ilə bağlıdır. Həmçinin COVID-19 pandemiyasının şərtləri bu ildən qismən yumşaldığından Qran-prinin coğrafiyası dəyişib.

Fürsətdən istifadə edib, “Formula-1” Azərbaycan Qran-pri həyəcanını canlı izləmək üçün azarkeşləri bilet əldə etməyə çağırırıq. BŞH yarışların hər il əvvəlkindən daha möhtəşəm təşkili üçün ciddi hazırlıq görür və hesab edirəm ki, bu il də ötən il olduğu kimi, biz qalib ölkə, bütün dünyaya öz qüdrəti və iradəsini sübut etmiş xalq olaraq məşhur idman növünə ev sahibliyi edəcəyik və bu, çox qürurvericidir.

Səbuhi Musa

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir