Rusiya sərhədində mindən çox azərbaycanlı var, sərhədi keçə bilmirlər – VİDEO

Cəmiyyət

“Bu ilin fevralında Rusiyaya gəlmişdik, geri dönüş biletlərimiz də alınmışdı. Lakin hava sərhədi bağlandığından Azərbaycana qayıda bilmədik. Martın 7-dən Dağıstanın Dərbənd şəhərində “Oqonyok” düşərgəsinə yerləşdirilmişik. Biz gələndə düşərgədə 150 nəfər var idisə, hazırda burada qeydiyyata alınanların sayı 1000-i keçib. Aralarında körpə uşaqlar, yaşlılar, xəstələr var, hamısı qalıb, evinə-eşiyinə gedə bilmir”.

Bu şikayətlə “Qafqazinfo”ya Rusiya ilə sərhəddə qalan bir qrup azərbaycanlı müraciət edib.

Onların sözlərinə görə, hazırda düşərgəyə Rusiyanın müxtəlif şəhərlərindən azərbaycanlılar toplaşıblar.

Şikayətçilər iddia edirlər ki, onlara sözügedən düşərgədə 1-2 gün saxlanıldıqdan sonra Azərbaycana buraxacaqları bildirilib:

“Biz 14 nəfər Həştərxanda təhsil alan tələbələrik. Bizdən başqa yüzlərlə insan burada düşərgədə qalıb. Hazırda gələnlərin sayı o qədər çoxdur ki, qapıdan içəri girə bilmirlər, 40 nəfər soyuqda qalıb. Burada vəziyyət çox pisdir. Bizə dedilər ki, quru sərhədi bağlı olsa da, bu düşərgədən azərbaycanlıları ayda bir neçə dəfə, hissə-hissə ölkəyə buraxacaqlar. Əslində Rusiya sərhədindən keçə bilirik, amma Azərbaycan tərəfi bizi buraxmır. Öz vətənimizə qayıda bilmirik. Bütün aidiyyəti dövlət qurumlarına – Xarici İşlər Nazirliyinə, Rusiyadakı səfirliyimizə, Nazirlər Kabinetinə müraciət etsək də, bizimlə bağlı tədbir görən yoxdur”.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında uçuşlar martın 6-dan dayandırılmışdı. Bu beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqələndirilirdi. Ötən gün isə Rusiyanın “Aeroflot” aviaşirkəti martın 21-dən Azərbaycana reysləri bərpa edəcəyini açıqlayıb. 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir