Milli Məclis sədrinin müavini Biləsuvar rayonunda şəhid ailələri və qazilərlə görüşüb

Cəmiyyət

Bakı, 21 mart, AZƏRTAC


Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Biləsuvar rayonunda şəhid ailələri və qazilərlə görüşüb, onları Novruz bayramı münasibətilə təbrik edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vitse-spiker Adil Əliyev görüşdə çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun döyüş meydanında göstərdiyi şücaət sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsi möhtəşəm qələbə ilə yekunlaşdı, 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan düşmənin döyüş meydanında ağır məğlubiyyətə uğradı. Məhz qəhrəman övladlarımızın sayəsində bu gün şanlı üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır.
A.Əliyev deyib ki, dövlətimizin başçısı artıq ikinci dəfədir Qarabağda Novruz tonqalı alovlandırıb. Müzəffər Ali Baş Komandan dünən Suqovuşandan xalqımızı təbrik edərək bu yerlərin tezliklə dünyanın ən gözəl guşələrindən birinə çevriləcəyini, Qarabağa yenidən həyatın qayıdacağını bildirib. Sədr müavini, həmçinin qeyd edib ki, hər birimiz şəhid ailələrinə və qazilərimizə yüksək diqqət və qayğı göstərməyə borcluyuq. Qəhrəman vətən övladlarının döyüş yolu gənc nəslə örnəkdir.
“Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq gənc nəsil yetişib. Azərbaycan gəncliyi Vətən müharibəsində üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəlib”, – deyən A.Əliyev şəhidlərə Allahdan rəhmət, onların ailələrinə səbir, qazilərə şəfa diləyib.
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri və qazilər bu savaşın xalqımızın haqq işi olduğunu, qəhrəman övladlarımızın öz canlarını fəda edərək bizə tarixi Qələbə bəxş etdiklərini bildiriblər. Eləcə də övladlarının keçdikləri döyüş yollarından danışıb, onlarla bağlı xatirələrini bölüşüblər. Şəhidlərin müqəddəs ruhları görüş iştirakçıları tərəfindən bir daha ehtiramla anılıb.
Şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir