İdmanımıza göstərilən yüksək etimad və əldə edilən qitə birinciliyi – TƏHLİL

Siyasət

Məlum olduğu kimi, dünən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək (U-23) Avropa çempionatında gözəl nəticəyə imza atmış bütün güləşçilərimizi qəbul edib. Qəbul təsadüfi deyil. Bunun üçün güləş millilərimizin həmin yarışda qazandığı uğurları xatırlatmaq yerinə düşər.

Əvvəla, bildirək ki, bu yarışda Azərbaycan güləşçiləri 16 medal qazanıb. Bunlardan 7-si qızıl, 2-si gümüş və 7-si bürünc medal olub.

Yunan-Roma güləş millimiz qitə birinciliyinə 6 idmançı ilə qatılıb. Bunlardan 5-i medal qazanıb. Belə ki, Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) Plovdivdə himnimizi səsləndirib. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.

Beləliklə, Bolqarıstanda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 102 xalla komanda hesabında Avropa üçüncüsü olub. Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.

Bu nəticə medalların sayına görə yeni rekorddur. Belə ki, daha öncə U-23 Avropa çempionatında yunan-Roma güləşində maksimum 4 medal qazanmışdıq. Bu dəfə isə cəmi 6 güləşçinin iştirak etməsinə baxmayaraq, 5 medal əldə olunub.

Qadın güləşi üzrə millimiz də uğurlu çıxışla yadda qalıb. Zərif güləşçilərimiz AÇ-nı 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Jalə Əliyeva (62 kq) qızıl, Elnurə Məmmədova (55 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıb.

Tarixi uğura imza atan idmançılarımız isə sərbəst güləş millimizin üzvləri olub. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Əbubəkr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medala sahib çıxıb.

Beləliklə, 10 çəkidən 9-da təmsil olunan millimiz 4 qızıl və 3 bürünc medal əldə edib. Yekunda 159 xal toplayan yığmamız komanda hesabında Avropa çempionu olub. Türkiyə (151) ikinci, Gürcüstan (149) isə üçüncü yeri tutub.

Qeyd edək ki, həm medalların əyarına, həm də komanda hesabına görə bu nəticə sərbəst güləş millimizin U-23 Avropa çempionatları tarixində ən yaxşı göstəricisidir.

Göründüyü kimi, Azərbaycanda idmanda yenidən dirçəliş hiss olunmaqdadır. Tokio Olimpiadasından sonra Azərbaycan idmanında yaranan durğunluq son kadr islahatlarından sonra yüksəlişlə əvəz olunmağa başlayıb. Dövlət başçısının tapşırığı ilə federasiya rəhbərliklərinin dəyişdirilməsi Azərbaycanın ata idman növlərindən sayılan güləşdə də hiss olunur. Ölkədə Prezident İlham Əliyevin idmançılar üçün yaratdığı şərait idmançıların belə gözəl nəticələr qazanması üçün əla stimul verir.

Elə gənclər və idman naziri Fərid Qayıbov da bu gün jurnalistlərə açıqlamasında bu yöndə danışıb:

“Harda görmüsünüz ki, hansısa ölkə Prezidenti idmançıları qəbul etsin? 23 yaşadək güləşçilərin Avropa çempionatında sərbəst güləş millimiz ilk dəfə birinci oldu. Cənab Prezident onları qəbul etdi, həm gənclər, həm də idmançılar üçün yaxşı mesajlar verdi. Bu, bütün idmançılarımız üçün böyük bir stimuldur. Güləşçilərimiz o qayğını hiss etdilər. Bu diqqət bütün dünya və Avropa çempionatları, eləcə də Olimpiya Oyunlarından sonra həmişə idmançılarımıza olub. Ölkə başçısının idman yarışlarını izləməsindən, idmançılara qayğı göstərməsi necə onlara stimul olmaya bilər?

Biz medalımızı qazanmışıq. Hansı komandaların burada iştirak edib-etməməsi nəticəni dəyişmir. İnanıram ki, gələcəkdə də bu ənənə davam edəcək. Onlar yenə sübut edəcək ki, bu yerə layiqdirlər”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir