Ömrünü xalqına həsr etmiş LİDER

Baş səhifə

Hər bir dövlətin və xalqın uğurlarında liderlərin böyük rolu olmuşdur. Həyatının mənasını ölkəsinə ləyaqətlə xidmətdə görən, müasir Azərbycan dövlətinin memarı Heydər Əliyev də belə liderlərdəndir.
Heydər Əliyev bütün həyatını öz doğma xalqının inkişaf və tərəqqisinə həsr etmiş, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş şəxsiyyətdir.
Onun ideyaları dünənimizin, bugünümüzün və gələcəyimizin əsasıdır. Ulu öndər Heydər Əliyevin adı çəkiləndə göz önünə Azərbaycanın, Azərbaycan deyiləndə Ümummilli Liderin gəlməsi də bu bağlılığın möhkəmliyini nümayiş etdirməklə yanaşı, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının aydın təsəvvürünü yaradır.
Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nəaliyyətlərə görə dahi oğluna minnətdardır. Ulu öndər yenidən hakimiyyətə qayıdarkən demişdi: “Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”.
Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi görmək istəyini hələ hakimiyyətinin birinci dövründə atdığı bir-birindən önəmli addımları ilə təsdiqləyən ulu öndər Heydər Əliyev 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan ilk illərdə böyük çətinliklərlə, faciələrlə üz-üzə qalanda müstəqilliyimizi xalqımızın tarixi nailiyyəti kimi dəyərləndirərək onun qorunmasını hər kəsin vətəndaşlıq borcu kimi irəli sürdü.
Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xidmətlərinin miqyası onun daim qürurla qeyd etdiyi bu fikirləri xatırlatmaq məcburiyyətində qoyur: “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”. Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəltmək üçün möhkəm təməli formalaşdırdı. Ulu öndər hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən bir diyara çevirdi. Belə ki, 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşdırılması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan biri-birindən əhəmiyyətli uğurlar ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir.
Məhz dahi şəxsiyyətin fəaliyyəti nəticəsində 13 ildə Azərbaycan keçmiş İttifaq miqyasında ən qabaqcıl yerlərə çıxdı. Əgər o vaxt iki respublika özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi. Azərbaycanın keçdiyi yolu Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev belə şərh edir: “1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-1980-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə Azərbaycan yavaş-yavaş yenə tənəzzülə uğradı və bu tənəzzül əslində təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz qalırdı və bu təzyiqə davam gətirə bilmirdi. Ölkəmizin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır.
Bəli 1993-cü ilin iyununda Azərbaycan xalqı dövlətin idarə olunmasını Heydər Əliyevə etibar edəndə, bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hakimiyyətsizlik, hərc-mərclik baş alıb gedirdi.
Məhz Heydər Əliyevin qayıdışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yarandı və Heydər Əliyev ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni stimul verdi, zaman-zaman Azərbaycanın başı üstündə dolaşan qara buludlar dağılmağa başladı, Azərbaycan parçalanma təhlükəsindən xilas oldu. Nəzərə alsaq ki, milli azadlığa gedən yol məhz milli oyanışdan, milli dirçəlişdən, milli ruhun canlanmasından keçir, onda Heydər Əliyevin gəlişinin nə demək olduğunu açıqlamağa ehtiyac qalmır.
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli də xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağın xalqımıza məxsus olmasını bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə də qələbəyə nail olmaq yolunu hamının nəzərinə çatdırmışdır.
Bu məqsədlə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaratmış və silahlı qüvvələrimizin peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır.
Ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək və zəruri hazırlıq işlərini aparmaq baxımından vaxt və imkan qazanmaq üçün atəşkəs sazişinə nail olması da Ulu Öndərin tarixi xidmətlərindəndir.
Zaman xalqımızı ağır sınaqlara çəksə də, artıq yenidən tariximizin şərəfli səhifələri yazılır. Heydər Əliyevin müəyyənləşdirdiyi, İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü Azərbaycan dövlətinin yaranması bu gün dünyanın etiraf etdiyi reallıqdır. 44 günlük Vətən müharibəsindəki qələbə də bu salnamənin parlaq səhifəsidir. Bu Qələbənin əldə olunması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin nəticəsi və təntənəsidir. Bu zəfərlə Ermənistanın 30 illik işğalına son qoyuldu, məğlubiyyət damğası birdəfəlik üzərimizdən götürüldü, yeganə ağrılı problemimiz həllini tapdı.

Kamil Xelilov Statistika İdarəsinin rəisi

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir