
Patrul.az redaksiyasına müraciət edən izləyicimiz Xırdalan şəhərində, “Təzə bazar” kimi tanınan ərazidə yaranmış vəziyyətdən şikayət edib.
Şikayətçinin sözlərinə görə, bazarın ətrafında yerləşən yaşayış binalarının sakinləri gündəlik gediş-gəliş zamanı ciddi çətinliklərlə üzləşirlər. Belə ki, kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən bəzi şəxslər mallarını piyada keçidlərində və hərəkət üçün nəzərdə tutulmuş hissələrdə yerləşdirərək sakinlərin sərbəst hərəkətinə mane olurlar.
İzləyicimizin iddiasına görə, bəzi hallarda gediş-gəliş yolu tamamilə bağlanır və sakinlər alternativ marşrutlardan istifadə etməyə məcbur qalırlar. Göndərilən videogörüntülərdə də səsləndirilən iddiaların əks olunduğu görünür.
Sakinlər aidiyyəti qurumlardan məsələyə müdaxilə etməyi, ərazidə nəzarətin gücləndirilməsini və piyadaların rahat hərəkətinin təmin olunmasını xahiş edirlər.
102info.az
